"Məlum məsələdir ki, nəinki futbol, bütün həyatımıza ciddi təsir edən günlər yaşayırıq. Bütün sahələr kimi, futbol da ağır günlər keçirir. Hətta dünyanın böyük klublarının timsalında da bu çətinliyi görürük".
 
Bu fikirləri  "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov koronavirus pandemiyasının futbola təsiri barədə danışarkən deyib.
 
F.Nəcəfov bildirib ki, əyalət təmsilçisi də bu təsirdən yan keçə bilməyəcək: "İndiki halda bunun kluba hansı şəkildə təsir edəcəyini təxmin etmək çətindir. Sadəcə ümid edirik ki, tezliklə iş şəraiti normal vəziyyətə dönəcək. Həmin vaxt daha konkret fikir səsləndirə bilərik".
 
Klub prezidenti futbolçularla maaşların azaldılması barədə müzakirə aparmadıqlarını deyib: "Hamı kimi, biz də gözləmə mövqeyindəyik. Sonuncu ay üçün futbolçulara müəyyən ödəmələr edilib. Düzdür, bu, əməkhaqqını tam əhatə etmir. çünki hazırda bir çox yerdə olduğu kimi, bizdə də iş fəaliyyəti, demək olar, dayanıb. Buna görə də çətinlik yaşanır".
 
F.Nəcəfov "Mövsümün sonunda müqaviləsi başa çatan futbolçuların məsələsi necə tənzimlənəcək" sualına belə cavab verib: "İndi bu barədə qəti fikir bildirmək düzgün olmazdı. Amma ümumi götürsək, futbolçular da vəziyyəti başa düşməlidirlər. Hətta kimsə öz müqaviləsini əsas gətirərək may ayından sonra oynamaqdan imtina etsə belə, bu, onun idmançı karyerası üçün yaxşı heç nə vəd etmir. çünki bütün çempionatlar təxminən eyni vaxtda başa çatacaq və mayda komandadan ayrılan futbolçu yeni kluba keçmək üçün müəyyən vaxt gözləməli olacaq".
 
Onun sözlərinə görə, mövcud vəziyyətlə bağlı AFFA rəsmiləri, həmçinin digər klubların rəhbərləri ilə müzakirələr aparılır: "Bütün bunlar ehtimallardır. Təbii ki, indiki halda gözləməli, FIFA və UEFA-nın tövsiyə və qərarlarını izləməliyik".
 
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Fernan Lopes "Qəbələ"ni tərk edərək vətəni İspaniyaya - ailəsinin yanına yollanıb. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest