Daha iki ölkə Aç-2020-nin oyunlarına ev sahibliyi edəcəyini təsdiqləyib. Matc.az xəbər verir ki, söhbət Niderland və İrlandiyadan gedir.
 
Niderland Futbol Federasiyasının baş katibi Qeys de Yonq "Voetbal International" nəşrinə verdiyi açıqlamada bildirib ki, Amsterdam şəhər bələdiyyəsi 2021-ci ildə şəhərdə dörd oyun keçirməyin mümkün olacağını vəd edib:
 
"Hələ də bəzi detalları müzakirə edirik, amma "Yohan Kroyf Arena" da oyunların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Hər şeyi tamamlamaq və rəsmiləşdirmək üçün bir az vaxt lazımdı. Buna müvəffəq olacağımızı güman edirik".
 
İrlandiya Futbol Federasiyasının rəhbərliyi isə UEFA-ya yarışı keçirmək niyyətini təsdiqləyən məktub göndərib. Dublinin Aç-nin oyunlarını keçirməyə tam hazır olduğu diqqətə çatdırılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, daha əvvəl Rusiya, Danimarka, Şotlandiya və İspaniya da Aç-2020-nin oyunlarını keçirəcəklərini təsdiqləyib.
 
Aç-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidi. çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq. 
 
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 
 
2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest