"Real"ın baş məşqçisi Joze Mourinyo Madrid komandasına aşılamaq istədiyi oyun tərzi barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Portuqaliyalı mütəxəssis bütün qarşılaşma boyu yüksək pressinq etməyin madridlilərə uyğun olmadığını bildirib. Bununla yanaşı, o, komandanın dərin müdafiədə oynamasını da istəmir.

"90 dəqiqə ərzində yüksək pressinq etməyin mümkün olduğunu düşünmürəm. Bu, bizim üslubumuza uyğun gəlmir. Bütün oyun boyu bu cür pressinq edə bilən cəmi bir neçə komanda var. Lakin yüksək və ya aşağı xətdə oynayarkən necə hərəkət edəcəyimizi bilmək vacibdir. Əgər məndən dərin müdafiədə oynamağı xoşlayıb-xoşlamadığımı soruşsanız, yox deyərdim.

Mənim xoşladığım şeylərlə futbolçularımın keyfiyyətləri arasında ziddiyyət yaranmasını istəmirəm. Yüksək pressinq etməyi və müdafiədən hücuma keçdikdən 3-4 saniyə sonra hücumları tamamlamağı xoşlayıram. Lakin aşağı blokda oynayırıqsa, bu, passivliyə görə deyil, komandanın keyfiyyətinə görədir. Qapıçının üç parlaq seyvi ilə ardıcıl 4-5 künc zərbəsindən qorunaraq əzab çəkməyi xoşlamıram", – deyə Mourinyo bildirib.

Qeyd edək ki, "Real" İspaniya çempionatında 5 turdan sonra turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Aktivində 12 xalı olan madridlilər yalnız bütün oyunlarda qalib gələn "Barselona"dan geri qalır.

Ötən gün Mourinyonun yetirmələri "Rayo Valyekano"nu darmadağın ediblər (4:1). Həmin oyunda Kilian Mbappe dublla fərqlənib.

"Real" növbəti qarşılaşmanı "Elçe"yə qarşı keçirəcək. Matç bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest