"Motivasiya olmasa, belə oyunlarda qalib gəlmək mümkün deyil".
Azərbaycan Premyer Liqasının V turunun bağlanış matçında "Sabah" Sumqayıtda "Şəfa"nı 3:0 hesabı ilə məğlub edib.
Komandanın ikinci qolunun müəllifi Abdulax Xaybulayev matçdan sonra müsahibə verib:
- Matçla bağlı fikirləriniz necədir?
- Qalib gəlsək də, oyun gözlədiyimiz kimi, asan keçmədi, amma nəticədən razıyıq. Çoxlu qol epizodlarımız oldu, əlbəttə, daha çox qol da vura bilərdik. Amma eyni zamanda qol da buraxa bilərdik. Lakin gənc qapıçımız Rəvan Mirzəmmədovun sayəsində qapımızı toxunulmaz saxlamağı bacardıq.
- Çempionlar Liqasından sonra Premyer Liqa üçün necə motivasiya toplayırsınız?
- Motivasiya olmasa, belə oyunlarda qalib gəlmək mümkün deyil. Rəqib "Mançester Yunayted" də, "Şəfa" da olsa, oyuna motivasiyalı çıxıb qələbə qazanmaq lazımdır. Yenidən çempion olmaq, liqanı qazanmaq istəyiriksə, motivasiyamız yüksək olmalıdır.
- Oyunu erkən tərk etdiniz. Zədəniz oldu?
- Xeyr, heç bir zədəm yoxdur. Meydanı ona görə tərk etdim ki, rəqib futbolçu qarın nahiyəmə blok qoydu. Amma elə bir zədəm yoxdur, hər şey normaldır.
- Bir müddətdir ki, xüsusilə 2026-cı il dünya çempionatının Fransa ilə seçmə oyunundan sonra komandanın və sizin performansınızda yüksəliş hiss edirik. Siz də bunu fərqindəsiniz?
- Bəli, düşünürəm ki, performansım daha yaxşı istiqamətdə dəyişib. Həmin oyundan sonra hər şey yüksəlməyə başladı. Sizin fikrinizlə razıyam. Həmçinin millinin baş məşqçisi Ayxan Abbasova təşəkkür etmək istəyirəm. Bu, onun sayəsində baş verdi.
- Növbəti oyun "İmişli"yə qarşı olacaq. Bu görüşlə bağlı nə deyə bilərsiniz?
- "İmişli" güclü rəqibdir. İndi dincələcəyik və "İmişli" ilə oyuna hazırlaşacağıq. Mütləq qalib gəlməliyik.
(Sportify.az)












_1789431502.jpg)
