İndi ölkə çempionatından söz düşəndə çoxları "Qəbələ"dən ağız-dolusu danışır. Əyalət təmsilçisi XI turda "Sumqayıt"ı məğlub etməklə, turnir cədvəlində ikinci pillədəki mövqeyinə qayıtdı. Zirvədə isə "Qarabağ"dı.

O "Qarabağ" ki, Konfrans Liqasında "Bazel", "Kayrat" və "Omoniya"nın yer aldığı H qrupunda da vahid liderdi.  Qurban Qurbanovun komandasının ilk pillədə olması təəccüblü deyil. Təəccüblü olan "Qəbələ"nin ikinci, son 3 turda qələbəyə həsrət qalan "Neftçi"nin isə hətta maliyyə baxımından qat-qat qabaqladığı həm "Qəbələ", həm də "Zirə"dən sonra dördüncü sırada yer almasıdı.  

Məşhur "transfermarkt" saytında paytaxt təmsilçisinin büdcəsi "Qəbələ"nin büdcəsindən üç dəfə çox - 9,18 milyon avro göstərilir.

"Neftçi"nin heyətində 12, "Qəbələ"də 8 legioner var.

"Neftçi" rəqib qapısından 19, "Qəbələ" 20 top keçirib.

"Neftçi" 11 oyunda öz qapısından 18, "Qəbələ" 12 top buraxıb.

"Neftçi"nin istər yerli, istər əcnəbilərinin "Qəbələ"nin futbolçuları ilə müqayisədə daha çox qazanması da kiməsə sirr deyil. 

Sosial şəbəkələrdə yayılan xəbərlərə inansaq, "Neftçi"nin baş məşqçisi Samir Abasovun maaşı 16 min manatdı. Gündəlik gəlir təxminən 530 manat! Onun qazancı "Qəbələ"dəki həmkarı Elmar Baxşıyevdən təxminən 3 dəfə çoxdu.

Hesabat turunda "Neftçi"nin ehtiyat oyunçular skamyasında altısı legioner olmaqla 9, "Qəbələ"də cəmi 5 yerli futbolçu olub.

Belə olan halda,  çempion "Qəbələ"dən 4 xal geridə qalır. Səbəb nədi?

Statistika Samir Abasovun belə bir köklü komandanı uğura aparacaq səviyyədə baş məşqçi olmadığını göstərir. Sadəcə, ucuz reklamla dağ başına qaldırılıb. Sələfi Füzuli Məmmədov səviyyəsində mütəxəssisdi. çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasındakı oyunlar da bunu təsdiqləyər.

Sözsüz ki, bütün bu uğursuzluqlardan sonra klub rəhbərliyi Abasovdan razı qala bilməz. Əzəli rəqibi "Qarabağ"a biabırçı məğlubiyyətdən sonra Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun Samir bəyin ünvanına yazdığı -  "o, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər" - lağ-lağının üstündən çox keçməyib.

4:0-dan sonra özünü təmizə çıxarmaq üçün az qala bütün futbolçuları günahlandırmaq isə düşmənlə vuruşan əsgərini döyüş meydanında tək qoyub qaçan zabitin hərəkətinə oxşadı.

Heyət, maliyyə cəhətdən "Neftçi"yə böyük fərqlə uduzan "Qəbələ"nin çalışdırıcısı isə nəticədən asılı olmayaraq, əsgərinin, futbolçusunun yanındadı.

Bir tərəfdə böyük büdcə və uğursuzluq. Digər tərəfdə kasad büdcə, aylarla yubanan maaş və uğur. Hər iki tərəfdə məşqçilərin "əl işi" – hər biri ortadadı. İddialı danışmaqla deyil ki...

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest