Premyer Liqanın XV turunun "Sabah"la görüşü "Zirə" üçün əlamətdar olacaq. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək.

Belə ki, sabahkı görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Arenada aparılan təmirlə əlaqədar olaraq "Zirə" mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olurdu. Komanda 5 çempionat və 1 kubok oyununu "Dalğa Arena"da keçirməli olubsa, "Bakcell Arena" və "AZAL Arena"nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib.

"Zirə"nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. Komanda 2018-ci il mayın 12-də baş tutan son ev matçında "Kəpəz"i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq qəsəbə təmsilçisinin bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.

Qeyd edək ki, "Sabah"la görüş "Zirə"nin doğma stadionunda 64-cü oyunu olacaq. "Zirə" indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, Birinci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest