"Tarixi torpağımızda "Qarabağ"a qarşı oynamaq böyük bir sevinc olacaq". Bu sözləri Matc.az saytına açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.
 
Hazırda I Liqanın turnir cədvəlində lider olan MOİK-in çalışdırıcısı ilə müsahibəni təqdim edirik:
 
- Komandanın, futbolçuların hazırkı durumu nə yerdədir?
 
- Komandanın vəziyyəti çox yaxşıdır. Futbolçuların sağlıq durumu və hazırlıqları qaydasındadır. Komandanın ab-havası da yüksək səviyyədədir. Heç bir problemimiz yoxdur.
 
- I Liqada hansı komanda sizə daha çox çətinlik yaradır?
 
- Bizim liqada asan rəqib yoxdur. Bütün oyunlarımız çətin olur. İndiyə qədər oynadığımız heç bir görüş rahat keçməyib. Turnir cədvəlində istənilən mövqedə olan komandalar ilə duellərimiz ağır olur.
 
- Komandanın mövsüm sonunda hədəfi nədir? Yeni transferlər gözlənilirmi?
 
- Hədəfimiz çempion olmaqdır. Transferlər gözlənilir. Komandanı gücləndirmək üçün nəzərdə tutduğumuz bəzi futbolçular var. Onlarla danışıqlar aparacağıq. Alınarsa, transferləri reallaşdıracağıq.
 
- Xankəndidə "Qarabağ" ilə qarşılaşacaqsınız. Nə düşünürsünüz?
 
- Rəqib bəllidir. "Qarabağ"a qarşı oynamaq bir stimuldur. Bizim üçün xoş bir haldır. I Liqa klubu kubok oyununa çıxacaq və "Qarabağ"la oynayacaq. Nəticə nə olur olsun, oyunumuzu göstərəcəyik. Meydanda mübarizə aparacağıq. Ən yaxşı cəhətdən özümüzü göstərməyə çalışacağıq. 1/8 finala layiq oyun keçirəcəyik. Görüşün Xankəndində olması bizim üçün ikiqat stimul olacaq. Tarixi torpağımızda "Qarabağ"a qarşı oynamaq  böyük bir sevinc olacaq. Həm futbolçularım, həm özüm, həm də klub rəhbərliyi üçün bu, böyük bir həvəsdir. Eyni zamanda, bizim üçün mükafatdır. Qarşılaşmanın orada keçirilməsində kimlərin əməyi varsa, öz adımdan və futbolçularım adından təşəkkür edirəm.
 
Günay Vəliyeva

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest