"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun matc.az saytına müsahibəsi

- Ötən turda finala bərabər oyun keçirdiniz və "Sumqayıt"a uduzaraq (1:2), sonuncu pilləyə düşdünüz. Bu amil son turlarda futbolçularda gərginliyə səbəb olmayacaq?

- Təbii ki, həmin matçda qələbə qazanmaq istəyirdik. Ümumiyyətlə, çempionatda oyun başlayanda komandaların şansları bərabər olur. Biz də qələbəyə köklənmişdik, məqsədimiz həm rəqibdən uzaqlaşmaq, həm də yuxarıdakı komandalara bir qədər yaxınlaşmaq idi. Üzərimizdə çox təzyiq var idi. Son oyunlardakı məğlubuiyyətlər, turnir cədvəlindəki mövqeyimiz istər-istəməz təzyiq yaradırdı. Ancaq bunu təbii hal kimi qəbul edib, təzyiqlərə tab gətirməliyik. Məğubiyyət bizi "sındırmamalıdı", çünki qarşıda hələ oyunlar var. Son 5 gündə futbolçularla mütəmadi söhbətlərimiz, nəzəri məşğələlərimiz olub. Bu məğlubiyyətlərlə yaşasaq, hər şeyi itirərik. Amma hər şeyə sıfırdan başlayıb, nəyəsə nail ola, mövqeyimizi yaxşılaşdıra bilərik. Hiss edirəm ki, komanda yavaş-yavaş özünə gəlir. Ancaq futbolçuların daxilində hansı prosesin getdiyini bilmirik. Bu da biz məşqçiləri bir az narahat edir. Keçmişdə olanların hamısını unudub, son 5 tura köklənmək lazımdı.

- Oyundan sonra istefaya işarə vurdunuz. Maraqlıdı, klub prezidenti Zaur Axundov sizi fikrinizdən necə daşındırdı?

- İstefa kəlməsini dilimə gətirməmişdim. Sadəcə, demişdim ki, bacarmadım. Söhbət məşqçilikdən getmir. Amma görürəm ki, bəziləri Tərlan Əhmədovu fərqli qələmə verir. Halbuki uğurlu olanda hamı tərifləyirdi. Bu dünya enişli-yoxuşludu. Enməlisən ki, qalxa biləsən. Və ya illərlə zirvədə olursan, bir anda elə düşürsən ki, uzun illər özünə gələ bilmirsən. AZAL-da əvəzedici heyətdən və I diviziondan yığılan futbolçularla çıxış edirdik. Komandada 2-3 lider var idi ki, onların ətrafında komanda yox, kollektiv formalaşdırmışdım. AZAL-ın cəmi 150 minlik büdcəsi var idi, amma biz Avropa Liqasına vəsiqə uğrunda yarışırdıq. Çünki əsl kollektiv idi. Məşqdən sonra gedirdim evə, mühafizəçilər zəng vururdular ki, bütün komanda bazadadı. Zəng vurub soruşurdum ki, orda nə işiniz var? Deyirdilər, özümüz elə-belə yığışmışıq, trenajor zalında yüngül məşq edəcəyik. O komanda bir ailə idi. "Keşlə"də isə kollektiv, ailə qurmağı bacarmadım. Bir nöqtəyə vuran, eyni amala çalışan kollektivdən söhbət gedir. Təhlillər zamanı görürük ki, oyun baxımından heç kimdən geri qalmırıq. Nə fiziki, nə texniki, nə də yaradılan qol vəziyyətlərinə görə zəifik. Bunun fonunda məğlubiyyətlər komanda daxilində birliyin, liderin olmamasından qaynaqlanır. Buna görə demişdim ki, rəhbərliklə söhbət edəcəm. Meydançada liderimiz yoxdu. Bu da nəticələrimizə ciddi təsir göstərir. Məğlubiyyətlə barışan insan deyiləm, sona qədər mübarizə aparmağı sevirəm. İndiyə qədər nə insanları, nə də işimi yarı yolda qoymuşam. Bu üzdən indi istefa verməyim düzgün olmazdı. Sonra deməsinlər ki, Tərlan komandanı atıb getdi. Bu komanda hələ Avropa Liqasının I təsnifat mərhələsində Malta klubuna məğlub olanda "uğursuzluq zolağı"nda idi. "Keşlə" bu vəziyyətdən həmin vaxt çıxmalı idi. Komanda düşdüyü durumdan qurtulmayıbsa və həmin heyətin 95 faizi burdadısa, deyərdim ki, hələ də məğlubiyyət psixologiyası ilə yaşayırlar. Futbolçularda uduzmaq qorxusu var. Rəhbərliklə söhbətdə də dedik ki, son 5 turda komandanı daha yaxşı motivasiya etməliyik. Əl-ələ verib, vəziyyətdən çıxış yolunu axtarırıq.

- Mövsümün sonu ilə bağlı qərarınızı vermisinizmi?

- Qərarı məni bura dəvət edən Zaur müəllim verəcək. Yalandan "başqa təkliflərim var" deməyin mənası yoxdu. İndi bütün fikrimi son 5 tura yönəltmişəm, komandanı mümkün qədər yuxarı pillələrə qaldırmaq istəyirəm. 5 turdan sonra məni nəyin gözlədiyini düşünmək belə istəmirəm. Qərar rəhbərliyindi. Bəlkə 1-2 turdan, bəlkə mövsümün sonunda qərar verdilər.

- Yeni müqavilə təklifi alsanız qərarınız nə olar və qalsanız, heyətdə çoxmu dəyişiklik edəcəksiniz?

- Bir daha təkrar edirəm, bu barədə düşünmürəm. Yəqin ki, mövsümün sonunda oturub söhbət edəcəyik. Heç kim isti yerini soyuq eləmək istəməz. İnanın ki, mövsümün sonunda baş verəcək prosesləri fikirləşmirəm. Həmçinin yüksək şərtlərim də olmur. Tək istəyim komandamın uğurlu çıxış etməsidi. Hər halda, istənilən məşqçi razılaşma zamanı yeni futbolçular təklif edir. Amma bu o demək deyil ki, bütün komandanı "təmizləmək" lazımdı. Belə bir təklif gələrsə, müzakirə aparmaq olar.

- "Keşlə" 2019-cu ildə keçirdiyi 9 oyunun 6-da qol vura bilməyib. Hücumçuların ürəkaçan çıxış etmədikləri kənardan da görünür. Son 5 turda isə qələbələr qazanmaq məcburiyyətindəsiniz. Bu problemi qısa müddətdə necə yoluna qoymağı düşünürsünüz?

- Çox çətin məsələdi. İlk vaxtlar komanda qollar vururdu. Ancaq getdikcə özüm də hücumda problemlərin olduğunu hiss etdim. Hücumda qol vurmadıqca müdafiədə də problemlər yaranmağa başlayır. Mən komandanı qəbul edəndə, heyətdə yer alan 4 hücumçunun hamısı eyni stildə oynayırdı. Belədə problemi yoluna qoymaq da çətin olur. Onlardan ikisini yola salıb, bir oyunçu gətirmək istəyirdik. Ancaq digər mövqelərdə də axsamalar var idi. Bu gün də eyni stildə hücumçularımız var. Topu özündə tutan, rəqib müdafiəçiləri təzyiq altında saxlayan, təkbətək mübarizələrdə müdafiəni yara biləcək stildə hücumçumuz yoxdu. Ümid qalır cinahlardan və mərkəzdən onları topla təmin edən futbolçulara. Hətta bir oyunda 5 qol epizodu yaradacaq ötürmə verdikdə belə, bunun maksimum 1-ni qola çevirmək gücünə malikdilər. Hücumdakı bu problemlər isə istər-istəməz müdafiədə boşluqlara yol açır. Futbolda qol vurmadıqca qələbə şansın minimuma enir. Bizdə qol epizodlarından istifadə etmək problemi var. Mənim sehrli çubuğum yoxdu ki, bunu qısa müddətdə dəyişə bilim. Futbolçular özləri bunu dərk etməlidilər. Yarımmüdafiəçilər görürlərsə ki, hücumçular qol vura bilmir, gərək məsuliyyəti öz üzərlərinə götürsünlər. Hücumçuların hər biri üçün fərdi məşqlər keçirik. Ancaq oyun vaxt tam fərqli psixologiyada olurlar. Baş məşqçi, rəhbərlik nə qədər ürək-dirək versək də, futbolçu özü özünü motivasiya etməlidi. Hücumçuda bombardir, müdafiəçidə keçilməz olmaq istəyi yaranmalıdı.

- Bütün bu problemlərin fonunda son 5 turda axırıncı pillədən qurtulmaq şansınızı necə görürsünüz?

- Heç vaxt ümidsiz olmamışam. İnanıram ki, komanda bu vəziyyətdən çıxacaq. Şəxsi həyatda da insan bəzən elə ağır duruma düşür ki, illərlə çalışır, bacarmır, amma sonda həmin vəziyyətdən çox rahat çıxır. Dünyanın böyük klubları da "qara zolağ"a düşür. Belə vəziyyətən çıxmaq üçün isə komanda eyni istəkdə, eyni ruhda olmalıdı. Bu, tək Tərlanın və ya hansısa məşqçinin işi deyil.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest