Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç milli komanda ilə ən çox oyun keçirən, səkkizqat "Qızıl top" mükafatçısı argentinalı hücumçu Lionel Messi ilə eyni göstəriciyə çatıb və onların hər biri yığmada 198 oyun keçirib.

"Matc.az" xəbər verir ki, Modriç Sloveniya ilə keçirilən və 2:1 hesabı ilə başa çatan yoldaşlıq oyununda meydana çıxmaqla milli komandada keçirdiyi ümumi oyun sayına görə bu siyahıda ikinci yerə yüksəlib.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo isə milli komandada keçirdiyi 227 matçla dünya rekordçusudur. Hər üç əfsanəvi oyunçu öz milli komandalarının qarşıdan gələn Dünya Kuboku üçün açıqlanan yekun heyətlərində yer alıb.

Hazırda 40 yaşı olan Modriç 2025-ci ilin iyul ayından bəri İtaliyanın "Milan" klubunda çıxış edir. Bundan əvvəl, 2012-ci ilin yayından etibarən xorvatiyalı yarımmüdafiəçi İspaniyanın "Real Madrid" klubunda oynayıb. O, Madrid təmsilçisi ilə altı dəfə Çempionlar Liqasını, beş dəfə Klublararası Dünya Kubokunu, dörd dəfə İspaniya La Liqasını, iki dəfə Kral Kubokunu və beş dəfə İspaniya Super Kubokunu qazanıb. Təcrübəli futbolçu 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülüb. Zəngin karyerası ərzində o, həmçinin İngiltərənin "Tottenhem Hotspur" və Xorvatiyanın "Dinamo Zaqreb" komandalarının da şərəfini qoruyub.

Modriç Xorvatiya millisi ilə Dünya Kuboklarında 2018-ci ildə gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb. Qarşıdan gələn 2026-cı il Dünya Kuboku ulduz futbolçu üçün karyerasında sayca beşinci olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest