Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun qarşılaşmaları start götürür.
Matc.az xəbər verir ki, Avrokuboklarda ölkəmizi təmsil edən komandaların rəsmi müraciətləri əsasında bəzi matçların vaxtı dəyişdirilib.
UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında pley-off mərhələsinin məsuliyyətli oyunlarına çıxan "Sabah" və "Qarabağ" klublarının turnirdəki rəqiblərinin də razılığı ilə "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" matçları başqai bir tarixdə keçirilmək üçün təxirə salınıb.
Beynəlxalq arenada idman nüfuzunun uğurlu təmsil olunmasını rəhbər tutan PFL-in qərarına əsasən, turun digər 4 qarşılaşması iki gün ərzində baş tutacaq.
Turun açılış günündə, avqustun 22-də iki qarşılaşma baş tutacaq. İlk olaraq saat 18:30-da Qəbələ şəhər stadionunda "Qəbələ" və "Şəfa" komandaları üz-üzə gələcək. Günün digər matçında isə saat 20:45-də "Zirə" kollektivi Zirə İdman Kompleksinin stadionunda "İmişli"ni qəbul edəcək.
Çempionatda növbəti turun heyəcanı avqustun 23-də keçiriləcək digər iki oyunla yekunlaşacaq. Həmin gün saat 18:30-da Tovuz şəhər stadionunda "Turan Tovuz" ilə "Şamaxı" qarşılaşacaq. Turun son matçı isə saat 20:45-də reallaşacaq. "Neftçi" komandası "Palms Sports Arena"da "Araz-Naxçıvan" kollektivini sınağa çəkəcək.













