"Roma" Portuqaliyanın "Portu" klubundan transfer etdiyi 19 yaşlı yarımmüdafiəçi Rodriqo Moranın keçidini rəsmiləşdirib. İtaliya təmsilçisi portuqaliyalı oyunçunun 86 nömrəli formanı seçdiyini bəyan edib.
Matc.az xəbər verir ki, bu barədə Roma klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, bu seçim İtaliya təmsilçisini futbol tarixinə salıb. "Roma" heyətindəki oyunçuların 1-dən 99-a qədər bütün nömrələrdən ən azı bir dəfə istifadə etdiyi ilk klub olub.
İtaliya futbolu nömrə seçimi ilə bağlı sərt qaydaların olmaması ilə tanınır. Məsələn, İspaniya La Liqasında vəziyyət daha ciddidir və orada əsas komandanın üzvlərinə 25-dən yuxarı nömrələri götürməyə icazə verilmir. Paytaxt klubunda isə daha əvvəl Romelu Lukaku 90, Stefan Əl-Şaaravi isə 92 nömrəli forma ilə çıxış edib.
Rəsmi olaraq "Roma" heç bir formanı əbədiləşdirməyib və dövriyyədən çıxarmayıb. Lakin klubun əfsanəsi Françesko Tottinin 2017-ci ildə karyerasını bitirməsindən sonra "10 nömrə"li formadan bir daha istifadə olunmayıb.













