AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, iclasda Azərbaycan Premyer Liqası, Birinci Liqa və Əvəzedicilər Liqasının son turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub və müvafiq cəza qərarları çıxarılıb.
Azərbaycan Premyer Liqasının VIII turunda baş tutan "Qarabağ" – "Neftçi" derbisi hər iki klub üçün böyük maliyyə itkisi ilə nəticələnib. Matç zamanı rəqib ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirən "Qarabağ" azarkeşlərinə görə Ağdam klubu 5000 manat cərimə olunub. "Neftçi" isə fanatlarının pirotexniki vasitələrdən istifadə etməsinə görə 3000 manat, həmçinin 5 futbolçusunun sarı vərəqə alması səbəbindən əlavə 700 manat cərimə edilib. Bundan əlavə, paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallıya stadiona vurduğu kiçik ziyana görə xəbərdarlıq edilib. Zərərin yerində ödənildiyi bildirilib.
Turun digər qarşılaşmalarında "Şamaxı" klubunun məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alaraq 1 oyunluq cəzalandırılıb, klubu isə 2500 manat cərimələnib. "Araz-Naxçıvan"ın futbolçusu Ağadadaş Salyanskiy də eyni səbəbdən 1 oyunluq uzaqlaşdırılıb və naxçıvanlılar 500 manat cərimə ödəyəcək. Limit tətbiqini pozan "Şəfa" və "Turan Tovuz" klubları da 4 futbolçusunun sarı vərəqə almasına görə hərəyə 700 manat cərimə sanksiyası ilə üzləşiblər.
Birinci Liqanın V turunda isə "Xankəndi", "Şimal" və "Gəncəbasar" komandaları xəbərdarlıq limitini aşdıqları üçün hər biri 210 manat məbləğində cərimə olunublar.
Əvəzedicilər Liqasının VI turunda isə ən ağır cəza "Sumqayıt-2"nin futbolçusu Mirəli Hüseynova verilib. O, hakimləri təhqir etdiyi üçün rəsmən 4 oyunluq uzaqlaşdırılıb, klubu isə 1000 manat cərimə edilib. Eyni liqada təcavüzkar davranış nümayiş etdirən "Şamaxı-2"nin oyunçusu Nicat Qaragözlü 3 oyunluq cəza və 300 manat cərimə ilə cəzalandırılıb. Təşkilati qüsurlara yol verən, Təcili Tibbi Yardım avtomobili və təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən oyunları gec başladan "Kəpəz-2" və "Qarabağ-2" klublarının hər biri 200 manat cərimə olunub.


_1792520902.jpg)

_1792516697.jpg)
_1792514701.jpg)







