Yaponiyanın paytaxtı Tokioda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb. Matc.az xəbər verir ki, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.
Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokio şəhərində keçiriləcək. Olimpiya Oyunları öncəsi son dünya çempionatında 148 ölkənin cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.