"Bütün günü evdə oluram. Körpə uşağımla oynayır, arada dostlarımla "Play Station"da qüvvəmi sınayıram. Eyni zamanda fərdi məşq edirəm. Kinolarla elə də aram yoxdur. Daha çox yapon cizgi filmlərinə baxıram".
 
Bu sözləri "Zirə"nin futbolçusu Şafik Tiqruca karantin müddətində məşğuliyyətləri barədə danışarkən deyib.
 
Fransalı yarımmüdafiəçi bildirib ki, ev işlərində həyat yoldaşına kömək edir: "Bunu təkcə karantin müddətində deyil, həmişə edirəm. Məsələn, yemək bişirməyi xoşlayıram. Tort, düyü, tərəvəz, toyuq və mal ətindən dadlı yeməklər hazırlaya bilirəm. Boş vaxtım çox olduğundan, mütaliə ilə də məşğul oluram. Daha çox İslam dininə aid kitablar oxuyuram".
 
28 yaşlı futbolçu bütün günü evdə qalmağın çətin olduğunu söyləsə də, qaydalara əməl etməyin gərəkliyini vurğulayıb: "Evdə qalmaq vacibdir. Bu yolla həm özümüzün, həm də digər insanların sağlamlığını qoruyuruq".
 
Tiqruca Fransada yaşayan ailəsi üçün darıxdığını gizlətməyib: "Valideynlərim, qardaş-bacılarım və dostlarım üçün çox darıxıram. Fransada pandemiya ilə bağlı vəziyyət ürəkaçan olmasa da, doğmalarımdan heç kim virusa yoluxmayıb".
 
çempionatın mümkün bərpası barədə də danışan təcrübəli oyunçu mövsümü başa çatdırmağın vacibliyini vurğulayıb: "Bu, həm avrokuboklara hansı komandanın gedəcəyini müəyyənləşdirmək, həm də azarkeşlər baxımından önəmlidir. çünki insanlar futbolu sevir, onunla nəfəs alırlar".
 
Qeyd edək ki, Şafik Tiqruca 2019-cu ilin qışından "Zirə"də çıxış edir. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest