ölkəmizdə koronavirus pandemiyasının yaratdığı vəziyyətlə əlaqədar imkansız ailələrə yardım kampaniyaları geniş vüsət alıb. Kampaniyaya ən son qoşulan futbol klubu bu məsələdə illər öncə qazanılmış "flaqman" ləqəbinə uyğun hərəkət etməyən "Neftçi"dir.

Düzdür, klub rəhbərliyindən heç bir asılılığı olmayan "Forza Neftçi" Azad Azarkeş Qrupu bu kampaniyaya əvvəldən qoşulmuşdu və çox güman, elə həmin fədakar azarkeşlərin təkidi "Neftçi" başbilənlərini gec də olsa, hərəkətə gətirib.

"Neftçi"yə qədər "Keşlə" və "Sumqayıt" kimi çempionatımızın ən kiçik büdcəli iştirakçıları daxil, əksər komandalar yardım aksiyaları keçirib. "Sumqayıt"ın prezidenti Riad Rəfiyev isə həm Koronovirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) fərdi pul köçürüb, həm rəhbərlik etdiyi klub hamıdan əvvəl təmsil etdiyi şəhərdə sosial həssas təbəqəyə ərzaq aparıb.

Rəfiyevin indi də həm şəxsən özü, həm də klubu bu xeyriyyəçilik fəaliyyətini davam etdirir.

"Qarabağ" və "Sabah" KMDF-yə hərəsi 50 min manat, çempionun baş məşqçisi Qurban Qurbanov isə fərdi olaraq 20 min manat ianə edib.

"Xalq komandası" bu çətin gündə son anacan xalqımızın yanında deyildi. Güman ki, milyonçu rəhbərlər kasıb azarkeşlərin xeyriyyəçi addımlarına baxıb utandıqdan sonra hərəkətə keçdi. Amma bunu da elə etdi ki...

ölkəmizdə karantin elan olunan gündən kasıblara köməyə başlayan və buna görə gündəmdən düşməyən Kamil Zeynallı da "Neftçi"nin apardığı ərzaqları paylayanlar arasında idi. Baxmayaraq ki, ən varlı futbol klublarımızdan birinin indi və birdəfəlik etdiyini o hər gün edir və bütün ölkə onun xeyriyyəçiliyindən danışır.

Kamil bunu dostlarının köməyilə etdiyini də gizlətmir. Razılaşaq ki, Zeynallı maddi cəhətdən "Neftçi"nin rəhbərlərindən zəngin deyil. hətta, bu mənada onlara yaxın da düşə bilməz. Bəs Zeynallının "Neftçi"nin gecikmiş birdəfəlik yardımında iştirakı hansı zərurətdən idi?

Axı o, onsuz da hər gün yardımlarını edir, hədiyyələrini aparır. Bu Kamil Zeynallının hesabına PR olunmaq cəhdidir, yoxsa "Neftçi"nin apardığı yardımın da alınmasına o, kömək edib?

İkinci və azarkeşlər arasında xüsusən birmənalı qarşılanmayan məqam "Neftçi"nin rəsmi saytının paylaşdığı fotolarda komandanın prinsipial rəqibi "Qarabağ"ın baş sponsoru "Azərsun Holdinq"in istehsalı olan məhsulların markalarının gözə soxulmasıdır.

Fotolardan görünür ki, "Neftçi" əlavə xərc çəkərək hədiyyə yeşikləri hazırladıb, xüsusi olaraq klubun adını və loqosunu həmin yeşiklərə həkk etdirib. Bu reklama çəkilən xərcə ən azından bir neçə imkansız ailəni də ərzaqla sevindirmək olardı.

Tamam, xərc çəkilib bu yeşiklər hazırlanıbsa, nəyə görə prinsipial rəqibin baş sponsorunun markaları - "Azərçay", "Saville", "Zolotoye Solnışko"nun adları göz deşən fotolar klubun rəsmi saytı tərəfindən ictimaiyyətə təqdim olunur?

"Azərsun"un markaları alınırdısa və klub xərc çəkib xüsusi yeşik düzəltdirirdisə, elə həmin məhsulları da klubun hazırlatdığı bərli-bəzəkli yeşiklərdə aparmaq olmazdımı? Və ya ən azından, bu fotoları çəkib, paylaşmamaq olmazdımı? "Neftçi" azarkeşlərini qeyzləndirən də elə bu məqamdır.

Axı bir müddət əvvəl klubun prezidenti Kamran Quliyev "Neftçi" hər brendlə əməkdaşlıq edə bilməz!" kimi mahiyyətcə çox doğru, əslində isə indi bəlli olur ki, bir o qədər də qeyri-səmimi və yalançı açıqlama vermişdi... Yenə xasiyyətinə və xarakterinə uyğun.

Heç kimə sirr deyil ki, "Qarabağ" son illər "Neftçi" azarkeşlərinin ən barışmaz rəqibidir. Bəs bu insanların hisslərinə heçmi önəm verilmir?

Klubun düzəltdirdiyi "rəsmi" yeşiklərdən əlavə, ayrıca "Azərsun"un markaları olan yeşiklərin gözə soxulması bir sual da yarada bilər ki, bəlkə bu yeşikləri Kamil Zeynallı və dostları alıb?

Bəlkə də "Neftçi"nin "imkansız" rəhbərləri "Azərsun"dan xahiş edib ki, bizə ərzaq verin, aparaq, onlar da "bu markalar da mütləq fotolarda əks olunmalıdı" şərti qoyub?

Bəlkə bu həssas məqamda da Kamran Quliyev hamam suyundan özünə dost tutmaq istəyib? Və fürsətdən istifadə edib, onların markalarının fotosunu çəkdirib, mesaj verir ki, bax, mən sizin məhsulları alıb reklam edirəm?

Ağla müxtəlif fikirlər gəlir. Amma bütün bunların fonunda ən azından görüntü üçün klubun SOCAR-dakı kuratoru Mikayıl İsmayılovun sahibi olduğu "AzGranata" şirkətinin Vita1000 şirələrinin də bir yeşiyini alıb fotosunu çəkmək olardı. Görünür, Mikayıl İsmayılovu "Neftçi"də saymayanların başında elə Kamran Quliyev gəlir.

İstənilən halda, bəzi yumşaq desək, qeyri-peşəkar addımlarla müşayiət edilsə də, "Neftçi"nin gecikmiş də olsa, bu yardımı etməsi alqışalayiqdi. çünki əsas məsələ ehtiyacı olan insanların bu ağır dövrdə ac qalmaması, ərzaq çətinliyi çəkməməsidir ki, ölkənin ən imkanlı futbol klublarından biri də bu işə kiçicik töhfəsini verdi.

..."Neftçi"nin mərhum prezidenti, hər zaman xeyriyyəçi addımları ilə ad qoymuş Rasim Rəfiyevin yolunu davam etdirən Riad Rəfiyevin xalqımızın bu çətin günlərində etdiyi və bizə məlum olan bəzi xeyirxah işlərdən yuxarıda bəhs etdik.

Bəs "xalq komandası"nın, imkanlı klubun "imkansız" prezidenti Kamran Quliyev nə etdi? Heç nə!

Quliyev nə Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat da olsun ianə edi, nə də başqa hansısa bir çörəyə ehtiyacı olan ailəyə 50 qəpiyə bir çörək alıb verdi. "Neftçi" kimi kluba prezident gətirilməklə yel vurub cənnətə düşən Kamran müəllim əzəli imicindən xilas ola bilməyib.

Futbol camiəsi onu milyonluq qazanclardan 100 manat da olsa kəsməyi qənimət bilən, ömründə əlini cibinə salıb qəpik xərcləməyən biri kimi tanıyır. İndi hansısa hadisəyə görə qəfil xasiyyətini dəyişsin?! Möcüzə olar ki onda…

Kamran müəllimin "Qarabağ" sevgisi də başqadır. Onun feysbuk profilində rəhbərlik etdiyi klubun yox, əsas rəqibinin loqosunu görürük. Dəfələrlə mediada yazılandan, azarkeşlərin kəskin qınağına tuş gəlməsindən sonra ötən il oktyabrın 16-da - Azərbaycanın ən köklü, dayaqlı klubuna prezident təyin olunandan az qala 2 il sonra komandanın avtobusunun fotosunu da ora yükləyib.

Amma "Qarabağ" loqosu hələ də Kamran müəllimin profilində və ürəyindədir. ümumiyyətlə, sosial şəbəkələrdəki profilləri insanların psixoloji portretini öyrənməyə kömək edir. Budur, Kamran müəllim özündən yaşca kiçik "Qarabağ"lı baş menecer Asif Əsgərovla fotosunu sevə-sevə paylaşıb.

Burada isə o atası ilə "Nou Kamp"da "Barselona" formasındadır.

Kamran müəllimin övladlarının dünyaya gəldiyi gün və yenə "Barselona" formasının surəti olan tort, "ailəlikcə "Barselona"lıyıq" mesajı.

Prezidenti olsa da "ağ-qara" ola bilməyən "myüəllim"in tez-tez yeniyetmələrin "Messi döyər, yoxsa Ronaldo?" "razborkası"na qoşulmasını da görürük.

Quliyev Françesko Tottinin də fotosunu paylaşmağa imkan tapıb.

Bir sözlə, Azərbaycanın əfsanəvi klubunun, Azərbaycan futbolunun dəyəri olan bir klubun prezidenti, prezidenti olduğundan başqa bütün komandalara sevgisini izhar edir.

Könül istərdi ki, "Neftçi"nin prezidenti Anatoli Banişevskinin fotosunu paylaşsın, komandanın unudulmaz oyunlarında "ağ-qara" formada şəkillərini görək, klubun loqosuna, rənglərinə, tarixinə sevgi aşılasın...

Nə deyirik, Kamran müəllim, bu seçimlər sizindir. Amma bir xahişimiz var, arada qazancı sizdən dəfələrlə az olsa da, KMDF-yə 1000 manat ianə etməyə əli gələn icraçı direktorunuza deyin, sizə mənəvi dəyərlər mövzusunda iclas keçirsin.

özünüz başda olmaqla, bütün klubu yığın bu iclasa və Ceyhun Sultanova qulaq asın. İclasın oratorları arasında "Forza "Neftçi"nin pulu az, ürəyi böyük xeyirxah azarkeşləri də olsun. (sportinfo.az)

... Hə, bir də az qala yadımdan çıxmışdı. Prezidenti olduğunuz klubun tarixi, mənəvi ağırlığı, nəyə görə "xalq komandası" adlandırıldığı və başqa mövzularda çıxış üçün qonaq qismində mütləq və mütləq sizdən gənc olsa da, sizdən fərqli, uğurlu, bacarıqlı, dəyərli həmkarınız Riad Rəfiyevi də dəvət edin...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest