"Qəbələ"nin tarixində 7 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qola imza atıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, bunlardan birində penta-trik, birində poker, digər beşində isə het-trik qeydə alınıb.
 
Bu qarşılaşmaların hamısında "qırmızı-qaralar" böyük hesabla qələbə qazanıb. Belə məhsuldarlıq 4 ev və 3 səfər oyununa təsadüf edib. Premyer Liqada 3, Azərbaycan kubokunda 2, Avropa Liqası və birinci dəstənin hərəsində bir dəfə belə hal yaşanıb.
 
İlk belə hadisə də aşağı liqaya təsadüf edib. 2005/06 mövsümündə birinci dəstənin bombardiri olan Rövşən Əhmədov "Energetik"in qapısına 5 qol vuraraq klub tarixinin hələlik yeganə penta-trikini rəsmiləşdirib.
 
Yeganə pokerin müəllifi isə Vitali Balamestnıdır. O, Premyer Liqanın Sumqayıtdakı görüşündə "Gənclərbirliyi"nin qapısından dörd top keçirib.
 
İlk het-trikin müəllifi Vüsal Qarayev Azərbaycan kubokunda fərqlənibsə, Premyer Liqada bunu bacaran ilk futbolçumuz Fərzad Hatəmidir. Hərçənd poker iranlının het-trikindən daha tez qeydə alınıb. Sonradan Filip Ozobiç kubokda, Baqali Dabo Premyer Liqada klub tarixinin 2-ci het-trikini gerçəkləşdirib.
 
Avrokuboklardakı yeganə belə uğurun sahibi Teo Uiksdir. O, Gürcüstan "Samtredia"sı ilə qarşılaşmada bombardirlik keyfiyyətini nümayiş etdirib.
 
 
 
"Qəbələ"də penta-trik
 
Rövşən Əhmədov
 
10.05.2006. Birinci dəstə. "Gilan" – "Energetik" – 6:0
 
"Qəbələ"də poker
 
Vitali Balamestnı
 
11.11.2007. Premyer Liqa. "Gənclərbirliyi" – "Qəbələ" – 0:6
 
"Qəbələ"də het-triklər
 
Vüsal Qarayev
 
10.10.2006. Azərbaycan kuboku. "Gilan" – "Şahdağ" (Quba) – 6:0
 
Farzad Hatəmi
 
17.06.2008. Premyer Liqa. MOİK – "Qəbələ" – 0:3
 
Teo Uiks
 
30.06.2016. Avropa Liqası. "Qəbələ" – "Samtredia" – 5:1
 
Baqali Dabo
 
10.09.2016. Premyer Liqa. "Neftçi" – "Qəbələ" – 0:8
 
Filip Ozobiç
 
29.11.2017. Azərbaycan kuboku. "Qəbələ" – "Mil-Muğan" – 8:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest