Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə dövlətimiz bütün gücünü səfərbər edib. Vaxtında atılan doğru addımlar sayəsində həm virusun ölkəmizdə geniş vüsət almasının qarşısı alınıb, həm də sosial həssas təbəqənin çətinlik çəkməməsi üçün lazımi tədbirlər görülüb.

Koronavirusla Mübarizə Fonduna əksər futbol komandalarımız və onların prezidentləri vəsait köçürsələr də bu xeyirxah işdə ölkənin ən zəngin 2 klubundan biri - "Neftçi"nin adına rast gəlinmir. "Flaqman" həm klub, həm də prezident səviyyəsində bu məsələyə laqeyd yanaşıb. Sanki, onların Azərbaycana heç bir aidiyyatı yoxdu. Amma bu adamlar özünü dünyəvi sayırsa belə, anlamalıdılar ki, bu tək Azərbaycanın bəlası deyil...

Başqa ölkələrdə də futbol klubları və xüsusən prezidentləri bu məsələyə çox həssas yanaşıb. Məsələn, İtaliyanın "Torino" klubun prezidenti Urbano Kairo mart, aprel, may, iyun ayları üçün alacağı 500 min avro maaşından koronavirusla mübarizəyə verib, üstəlik, koronavirus böhranından zərər görmüş ailələrə 5 min avro yardım edib.

Kamran Quliyev və başçılıq etdiyi klubun Koronavirusla Mübarizə Fonduna bir manat da köçürməməsi bir kənara, onlar ümumiyyətlə dövlətin tətbiq etdiyi karantin rejiminə heç bir əhəmiyyət qoymadan Nobel prospektində yerləşən bazada komanda şəklində məşqlərini davam edir. Bu ağır dövrdə dövlətimizə qarşı bu qədər hörmətsizlik göstərən ikinci bir futbol klubu prezidenti, ümumiyyətlə hər hansı məmur və ya vətəndaş yoxdur.

Görünür, İsmayıllının icra başçısı Nahid Bağırovun karantin rejimini pozduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə töhmət alması Kamran Quliyevə dərs olmayıb. Aprelin 25-i "Neftçi"nin Nobel prospektində yerləşən bazasında komandanın məşq etməsi, bəzi futbolçuların bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşması dövlət qanunlarına hörmətsizliyin pik həddidir.
Bəlkə də Kamran Quliyev düşünür ki, "Neftçi"nin prezident kreslosu onu toxunulmaz edib və dövlətin başı koronavirusla mübarizə qarışdığından istədiyi özbaşınalığı edə bilər. Amma o yanılır!

Biz hər zaman Azərbaycan Respublikasının qanunlarını dəstəkləmişik, dövlətimizin siyasətinə qarşı yönəlmiş hər bir addımı pisləmişik, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə həmişə əməl etmişik, buna qarşı çıxanların isə yerini bilməsi və layiq olduğu cəzanı alması üçün əlimizdən gələni əsirgəməmişik.
 

"Neftçi"nin qeyri-peşəkar prezidentinin biabırçı idarəçiliyi, komandanın karantin rejiminə əməl etməməsi və yazmadığımız bir çox başqa özbaşınalıqlarla bağlı faktların aidiyyatı orqanlara, lazımi ünvanlara çatması üçün çalışırıq.
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının rüşvətxor icra başçılarının və başqa məmurlarının elə iş otaqlarında, necə deyərlər "iş başında" yaxalaması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır (sportinfo.az).

 

Eyni qonaqların yaxın zamanda futbol klublarının prezidentlərinin otaqlarına baş çəkəcəyi gün də uzaqda deyil.
"Neftçi"nin karantin rejimini kobud şəkildə pozaraq komanda şəklində klubun bazasının meydanında məşqindən çəkilən video oxucularımızın haqlı narazılığına və kəskin etirazına səbəb olub.
Karantin rejimini pozan "Neftçi"nin prezidenti Kamran Quliyev və əlaltılarının layiq olduğu cəzanı aldığı günəcən bu faktı gündəmdə saxlayacağıq...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest