10 İyun 2020, 16:20
FUTBOL
"Meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm. Belə yoxlama görüşləri çempionatın bərpasından əvvəl çox önəmlidir".
Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Ailton Silva yoxlama matçında "Sabah"a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.
25 yaşlı braziliyalı cinah oyunçusu karantin dönəmində evinin qarajında məşq etdiyini söyləyib: "Onun proqramına əsasən, məşqlər edirdim. Komanda olaraq məşqçilər və həkimlərimizin təlimatlarını maksimum yerinə yetirməyə çalışdıq".
Müqavilə ilə Almaniyanın "Ştutqart" klubuna məxsus olan müdafiəçi Ağdam təmsilçisindəki taleyindən də danışıb: "İyunun 30-da müqaviləm başa çatır. Həmin vaxta qədər agentim həm "Ştutqart"la, həm də "Qarabağ"la danışıqlar aparacaq".
Qeyd edək ki, Ailton Silva Almaniya "Ştutqart"ından ötən yay 1 illik icarəyə götürülüb. Onun "Ştutqart"la sözləşməsi isə 2021-ci ilin yayınadək qüvvədədir.