02 Oktyabr 2020, 22:55
AVROPA LİQASI
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" "Vilyarreal" (İspaniya), "Makkabi" (Tel-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) klubları ilə eyni qrupda mübarizə aparacaq.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşkü belə dəyərləndirib:
"Yaxşı qrupa düşmüşük, maraqlı rəqiblərimiz var. "Vilyarreal"i hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri "Arsenal"da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir. "Sivasspor" isə stabil oyun göstərən komandadır. Geridə qalan mövsümdə son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu."Makkabi" də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur. Hər üç komandanın öz oyun üslubu var və ciddi rəqiblərdir. Qardaş Türkiyə komandasına oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq. çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".