"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra bunları deyib:
 
"Oyun bizim üçün gözlədiyimdən daha yaxşı başladı. İlk hissəni böyük üstünlüklə keçirdik, qol imkanlarımız oldu. Ancaq iki dəfə əks-hücumdan sonra qollar buraxdıq. Bundan sonra hesabı dəyişmək çətinləşdi. Cəhd etdik, amma rəqibin əzmkar, intizamlı müdafiəsini yara bilmədik. Sanki nəticə gedişata görə olmadı. Oyunun ağır olacağını gözləyirdik. 4 gün əvvəl 120 dəqiqəlik ağır oyun keçirmişdik. Hazırlaşmaq çətin idi. İkinci hissədə rəqib böyük əzmkarlıq göstərdi və sonluğu qoymağa imkan vermədi. Layiqli qələbə qazandılar. Bundan sonra Avropaya iki yer uğrunda 3 komandanın dəhşətli mübarizəsi gedəcək.
 
Oyundan narazı qala bilmərəm. İlk hissədə belə dominant oynamaq yaxşı göstəricidir. Amma bunu nəticəyə çevirə, müdafiədə daha diqqətli ola bilsəydik, oyun başqa cür olardı. Nəticə bizi qane etmədi".
 
Sadıqov 26-cı turda üz-üzə gələcəkləri "Qarabağ"la görüşə də toxunub: "Niyə 4 gün sonra oynayırıq, bilmirəm. Mövsümün sonlarıdır, təqvimdə boş günlər tapmaq olar. Amma yenə də qarşılaşmaya maksimum hazırlaşmağa çalışacağıq".
 
Baş məşqçi "Premyer Liqada sona 3 tur qalmış çempionluğu təmim edən "Qarabağ"a çempionluq dəhlizi qurmaq fikriniz varmı" sualını belə cavablandırıb: "İstər "Qarabağ", istərsə də başqa bir komanda olsun, belə bir ənənəmiz varsa, bizim üçün problem yoxdur. Düzü, bu haqda düşünməmişəm. Amma belə ənənəmiz varsa, hətta prinsipial rəqibə belə dəhliz qurmağa qarşı deyiləm.
 
Gənc mütəxəssis futbolçularının təcrübəli olduğunu söyləyib: "0:1 hesabı ilə də uduzsaydıq 3 xal itirmiş olacaqdıq. Bu gün hətta bərabərlik də bizə Konfrans Liqasına vəsiqə yolunda böyük üstünlük qazandıra bilərdi. Futbolda hər şey sən istədiyin kimi olmur. Fiziki cəhətdən isə bu gün rəqibdən daha yaxşı idik. Müəyyən rotasiyalar da etmişdik. Sadəcə üstün oynadığın zaman qollar buraxırsansa, bunun istər-istəməz təsiri olur. Beynəlxalq arenada ölkəmizi təmsil etmək istəyiriksə, vəziyyətlərə uyğun çıxış yolları tapmalıyıq".
 
Sadıqov "Qarabağ"ın "Qızıl dubl"una mane ola biləcəksiniz" sualına isə bu cür reaksiya verib: "Bizim kiməsə mane olmaq məqsədimiz yoxdur. Qarşıda hələ üç çempionat oyunu var, əvvəlcə bunları düşünürük. Meydana kiməsə mane olmaq üçün çıxmayacağıq. Hər bir komanda mövsümü titulla başa vurmaq istəyir. Amma ondan əvvəl çempinatda mübarizəmiz var".
 
O, ölkə kubokunun final matçının Qəbələyə salınmasına da münasibət bildirib: "Mənim üçün fərqi yoxdur. Son illər bölgələrdə final görüşünün keçirilməsi ənənə halını halıb. Qəbələdə iqlim fərqi var, dağ zonasıdır. Əvvəllər Bakıda da, hətta Naxçıvanda da final görüşü olub. çempionatdakı mübarizədən sonra kubok barədə düşünəcəyik".
 
Sadıqov son olaraq "Qəbələ" ilə matçda zədələnən Mehdi Cənnətovun durumu haqqında danışıb: "Onun ağrıları çox ciddi idi. Əvəzlənməsi ikinci hissədə hücum xəttini gücləndirməyimizə mane oldu".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest