İspaniyanın "Malyorka" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi kosovolu hücumçu Vedat Muriqi və serbiyalı qapıçı Predraq Raykoviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Raykoviçlə 4, Muriqi ilə 5 illik müqavilə imzalanıb.
 
Fransanın "Reyms" klubundan transfer olunmuş Predraq Raykoviçə görə 2 milyon avro ödənilibsə, "Latsio"dan gələn Vedat Muriqiyə görə 9.5 milyon avro xərcləndiyi iddia olunur.
 
Vedat Muriqi "Latsio"ya 2020-ci ildə Türkiyənin "Fənərbaxça" klubundan transfer olunmuşdu. Amma 28 yaşlı futbolçu paytaxt klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Bu komandada cəmi 49 oyun keçirib, 2 qol vuran futbolçu, geridə qalan mövsümün bir hissəsini məhz "Malyorka"da icarədə keçirmişdi. O, La Liqa klubunda 17 oyunda 5 qol vurmuşdu. Muriqi karyerası ərzində "Rizəspor", "Gənclərbirliyi", "Girəsunspor" kimi klublarda da forma geyinib. Kosovo yığmasında 42 oyuna çıxan hücumçu, 20 qola imza atıb.
 
Predraq Raykoviç 2019-cu ildən "Reyms"də çıxış edirdi. 26 yaşlı qolkiper bu komandada 106 oyun keçirib. Serbiyalı futbolçu əvvəllər "Yaqodina", "Srvena Zvezda" və "Makkabi" (Təl-Əviv, İsrail) komandalarında da forma geyinib. O, Serbiya millisində də 28 oyun keçirib.
 
"Malyorka" öz qapıçısı Leo Romanla da yeni müqavilə bağlayıb. İspaniyadan olan 22 yaşlı qolkiper 2026-cı ilin yayına kimi bu komandanın uğurları üçün çalışacaq. O, 2020-ci ildən bu komandada çıxış edir.
 
Müdafiəçi Aleksandr Sedlar və yarımmüdafiəçi Aleks Febas isə bu komandadan ayrılıb. Febas bu ilin əvvəlində icarəyə verildiyi "Malaqa"ya satılıb. "Real"ın yetirməsi olan 26 yaşlı futbolçu 2019-cu ildən "Malyorka"da çıxış edirdi. O, "Saraqosa" və "Albasete"də də çıxış edib, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
 
Sedlar da 2019-cu ildən bu klubda idi. Serbiya yığmasında 2 oyun keçirmiş 30 yaşlı futbolçu, bundan sonra "Alaves"in uğurları üçün çalışacaq. O, daha öncə ölkəsində "Veternik", "Metalak", "Pyast" kimi klubların da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest