2024-25 mövsümündən İngiltərə Premyer Liqasında hakimlər VAR monitoruna baxdıqdan sonra ilkin qərarlarını niyə dəyişdiklərini stadiondakı tamaşaçılara izah etməli olacaqlar. Matc.az xəbər verir ki, bu barədə İngiltərə çempionatının baş hakim inspektoru Hovard Uebb məlumat verib.
O bildirib ki, qərarlar yalnız hakimin VAR monitoruna şəxsi yanaşmasından sonra və ilkin qərarı dəyişdirdiyi halda açıqlanacaq. Düzdü, bu, hələlik Premyer Liqa tərəfindən təsdiqlənməyib. Lakin hərtərəfli razılıq əldə olunub və yalnız məsələnin rəsmiləşməsi qalıb.
“Bu, həqiqətən təkmilləşdirməyə ehtiyacı olan bir şeydi. Müvafiq verilişlərdəki izahatları dinləyəndə nə baş verdiyi dərhal aydın olur. Biz stadionda qarşılıqlı əlaqəni yaxşılaşdırmağın yollarını axtarırıq”, - deyə Uebb bildirib.