"Sabah"ın baş məşçisi Murad Musayev "sports.ru" saytına geniş müsahibə verib. Matc.az xəbər verir ki, o, Rusiya klublarından aldığı təkliflər barədə bunları söyləyib:
 
"Rusiyaya qayıtmaq variantım vardı. Orada Premyer Liqanın 5 klubundan təklif almışam. Gələn təkliflər çox yaxşı idi. Rusiyadakılar ilk "5-lik" komandaları deyildi. Amma mən hər şeyi atıb gedə bilməzdim".
 
Rusiyalı mütəxəssis "Sabah"a gəlməzdən əvvəl Avropanın bir neçə klubundan, hətta Ermənistandan da təkliflər aldığını gizlətməyib: "Amma Azərbaycanı üstün tutdum, Avropadan gələn təkliflərdən imtina etdim. Məsələn, "Ferensvaroş"un prezidenti ilə görüşdüm. Sonra fərqli seçim etdilər, amma yenə də zəng edib bəzi futbolçularla bağlı mənimlə məsləhətləşdilər. Həmçinin Ermənistanın iki klubundan zəng etdilər, birbaşa təkliflər idi. Danışdıq, amma maraqlanmadım. Slovakiyada maraqlı variant var idi, o da alınmadı".
 
Musayev "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışı haqqında da danışıb. O, Ağdam klubunun sabit struktura malik olduğunu söyləyib:
 
"Qarabağ" Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır. 14 ildir ki, komandaya bir məşqçi rəhbərlik edir. Hər şey kərpic-kərpic hörülüb. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar".
 
Azərbaycan çempionunun iki eynigüclü heyətə malik olduğunu deyən Musayev itkilər olsa da, komandanın dayanmadığını qeyd edib: "Ən vacib məsələ, komandanın iki güclü heyəti var. Onlar Avropada bir heyətlə oynayıb üç gün sonra isə fərqli oyunçularla Azərbaycanda meydana çıxacaqlar, oyun keyfiyyətindən isə heç nə itirməyəcəklər. Məsələn, "Ferentsvaroş" ilə ev matçında yarımmüdafiəçi, əsas oyunçu Kadi, üstəlik iki mərkəz müdafiəçisi yox idi, hansı ki, onlardan biri komandanın kapitanıdır, ancaq yenə onları dayandırmaq mümkün olmadı".
 
38 yaşlı çalışdırıcı "Qarabağ"ın Avroliqadakı "Olimpiakos" və "Nant"la oyunlarını xatırladıb: "Onların hərəsinə 3 cavabsız qol vurduqları "Olimpiakos" və "Nant"la matçlarına baxsanız, üstün tərəf olduqlarını başa düşəcəksiniz. Komanda əks-hücum taktikası ilə oynamır, qapının ağzında "avtobus" qoymurlar. Cinahları çox fəal istifadə etdikləri dörd müdafiəçili sistemlə çıxış edirlər. Buna qədər çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Bütün oyunlarda rəqiblərindən üstün olublar".
 
Musayev "Sabah"dakı fəaliyyətindən də söz açıb: "Burada məşqçilik baxımından "Krasnodar"da cəsarət etmədiyim şeyləri sınadım. Standart vəziyyətlərdə, hibrid sxemlərdə çoxlu yeniliklər etdim. Bunun üçün əvvəlcə "Krasnodar"da baş verənləri təhlil etdim. Məşq prosesinin strukturunu daha aydın şəkildə formalaşdırdım. Hansı gün nə etməli olduğumuzu dəqiqləşdirdim. Məsələn, bir müdafiəçim var ki, döyüşkəndir, yaxşı mübarizə aparır, amma adətən hücuma gecikir, üstəlik son ötürmələrdə problemi var. Onun hücuma çıxmaması üçün taktikamızı yenidən gözdən keçirdik. İndi müdafiədə 4-4-2, hücumda isə 3-2-5 şərti düzülüşü ilə oynayırıq. çalışırıq ki, rəqibin arxadakı "dördlüy"ünü "beşimiz"lə yükləyək. Bu düzülüşə görə cinahlarda yaxşıyıq. Rəqib "avtobusla oynayanda" belə hücumlar təsirli olur. Amma bu taktikada topla daha sürətli işləmək lazımdır. Bir və ya iki toxunuş, istiqamətləri tez-tez dəyişdirmək, aktiv hərəkətlə daxil ola biləcəyiniz sərbəst zonaları axtarmaq vacibdir".
 
Rusiyalı məşqçi qeyd edib ki, ondan tez-tez Azərbaycanda inkişaf edib-etmədiyini soruşurlar: "Cavab verirəm ki, bəli, inkişaf edirəm. Bir il keçdi, sakit işləyirəm, hansı aspektdən ki, inkişaf var, onları davam etdirirəm, alınmayan şeyləri isə bir daha etməyəcəyəm. Məsələn, əgər müəyyən bir üslubda oynamaq istəyirsənsə və uyğun oyunçuların yoxdursa, bu üslubdan yayınmamalısan, əksinə futbolçuları, onların güclü və zəif tərəflərini sxemə uyğunlaşdırmalısan. Yalnız bundan sonra iş nəticə verəcək.
 
Daha bir məqam: keçən qış təlim-məşq toplanışında sürət-güc işlərinin həcmini daha da artırmağa çalışdıq. Ancaq biz bunu bir az çox etdik. Bu məqamda oyunçuların imkanlarını və yükləmənin xarakterini nəzərdə saxlamaq lazımdır.
 
Məşqçi heyətimə daha çox məqamları həvalə etməyə başladım. İndi biz kimin müdafiəyə, kimin hücuma cavabdeh olduğunu, kimin standart vəziyyətləri, kimin nəzəriyyəni, kimin məşq və rəqəmləri təhlil etdiyini aydın başa düşürük. Bu mexanizm "Krasnodar"da da işləyirdi, amma burada daha koordinasiyalı işə nail olduq".
 
Xatırladaq ki, 39 yaşlı Murad Musayev 1 ildir "Sabah"ı çalışdırır. Onun komandası hazırda Azərbaycan çempionatında lider "Qarabağ"ın əsas izləyicisidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest