Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb. Matc.az saytının məlumatına görə, yarışın son günü Azərbaycan milli komandasının 2 üzvü medal qazanıb.

Yeniyetmə cüdoçularımız 1 qızıl və 1 gümüş medala layiq görülüblər.

Qızların yarışında 57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub.

Oğlanların mübarizəsində ölkəmizi təmsil edən Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb.

Beləliklə, yeniyetmə cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar.

Beynəlxalq turnirin ilk günü Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest