Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatıb. Matc.az xəbər verir ki, son gündə sərbəst güləş üzrə Azərbaycan yığması daha 3 bürünc medal qazanıb.
61 çəkidə qüvvəsini sınayan Əsgər Məmmədəliyev qitə birinciliyinə uğurlu başlanğıc edib. Həmyerlimiz əvvəlcə ispan, daha sonra macar güləşçini vaxtından əvvəl məğlub edərək, adını yarımfinala yazdırıb. Əsgər finalın bir addımlığında Rusiya təmsilçisinı yenilib. O, belaruslu Vladislav Koykaya qalib gələrək, Avropa üçüncüsü olub.
Şamil Zubairov (92 kq) da eyni uğura imza atıb. ötən il bu yaş qrupunda dünya çempionu olan yığmamızın üzvü İtaliya və Ermənistan təmsilçiləri üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. Ancaq burda Ukraynadan olan həmkarına uduzub. Zubairov da Belarus güləşçisi Aleksey Rudzianoku məğlub edərək, bürünc medal qazanıb.
Hacımurad Məhəmmədsəidov (86 kq) və İslam Abuyev (125 kq) isə debütdə uduzublar. Hacımuradın rəqibi finala yüksəldiyindən, yığmamızın üzvü bu gün təsəlliverici görüşə çıxıb. İtalyan rəqibinə heç bir şans verməyən Hacımurad növbəti görüşdən də qalib ayrılaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki ötən gün Davud İbrahimov (70 kq) eyni uğura imza atıb. Beləliklə, sərbəst güləş yığmamız Avropa çempionatını 4 bürünc medalla başa vurub.