14 İyun 2023, 09:41
FUTBOL
"Sumqayıt" Futbol Akademiyasında seçim günləri başa çatıb. Matc.az xəbər verir ki, 8-10 iyun tarixlərində keçirilmiş seleksiya 2007-2016-cı il təvəllüdlər olmaqla, ümumilikdə 10 yaş qrupunu əhatə edib.
Akademiyanın direktoru Hakan Sünal seçimlərlə bağlı fikirlərini bölüşüb: "Əvvəlcə öncə onu qeyd edim ki, artıq 3 ildir çempionatlar başa çatdıqdan sonra akademiyamıza seçimlər keçirilir. İlk seleksiyamızda iştirak etmiş uşaqların toplam sayı 360 nəfər idi. Növbəti ildə həmin say ilk seçim günündəcə təkrarlanmış və ümumi say isə 2 dəfə çoxalmışdı. Bu il isə, sözün yaxşı mənasında şokdaydıq ki, seçimlərin təkcə birinci gündə 1000 nəfərə yaxın uşaq iştirak etmişdi. Təbii ki, bunun da səbəbləri var. çünki, 2009-2010 təvəllüdlər bu il keçid dövründədir və çempionatda çıxış edəcək komanda sayı azalır deyə uşaqlar futbola davam etmək üçün özlərini göstərməyə çalışdılar. Sonrakı günləri də nəzərə alsaq, bu il ümumilikdə 1500-ə yaxın uşaq seçimlərdə iştirak edib. Az öncə qeyd etdiyim rəqəmlərə də diqqət etsək, görərik ki qatılma sayında 5 dəfəyə qədər artım müşahidə olunub. Bu il baş tutan seleksiyada 80 nəfər adını ikinci mərhələyə yazdırmağa müvəffəq olub".
O bildirib ki, seçimlərin ikinci mərhələsi avqustda yeni mövsümə hazırlıq zamanı keçiriləcək: "Onu da qeyd edim ki, Azərbaycanın bütün bölgələrindən – Xızı, Zaqatala, Lənkəran və digər rayonlardan da seleksiyalara qatılan var idi. Bu da seçimlərimizə marağın yüksək dərəcədə olmasının bariz sübutudur. Bu 3 gündə akademiyamızda çalışan bütün məşqçilərimiz seçimlərdə yaxından iştirak etdilər. Buna görə də onların hər birinə öz təşəkkürümü bildirirəm".