04 İyul 2023, 19:56
FUTBOL
"Fikirlərim təhrif olunub". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mateus Saldanya "Zenit"ə keçmək istəməsi barədə Rusiya mətbuatında çıxan müsahibəsi ilə bağlı klubun rəsmi telekenalına açıqlamasında deyib.
Braziliyalı hücumçu sözlərinin düzgün anlaşılmadığını bildirib: "Məndən "Zenit" barədə soruşdular, bildirdim ki, bu cür böyük klubda çıxış etmək hər bir futbolçunun arzusu olar. Dedim ki, hətta içi mən qarışıq, təklif gəlsə, orada oynamaq istəyərəm. Amma vurğuladım ki, "Neftçi" ilə müqaviləm var, hər şey bu klubdan asılıdır. Sadəcə, ortada anlaşmazlıq olub".
Təlim-məşq toplanışını da dəyərləndirən 24 yaşlı forvard hazırlıq prosesindən maksimum yararlanmağa çalışdıqlarını söyləyib: "İstədiyimiz formanı bərpa etməliyik ki, ilk rəsmi oyunda qələbə qazanıb, mərhələ adlayaq".
Qeyd edək ki, yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında mtəmsil edəcək "Neftçi" II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Ağ-qaralar" ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək. report