27 İyul 2023, 10:30
FUTBOL
"Qarabağ"ın meydanın bizə aid olan hissədə oynamasının qarşısını almaq üçün müdafiəni irəlidə təşkil etməyimiz çox vacib idi. Görüşün böyük hissəsində bunu bacardıq". Matc.az xəbər verir ki, bunu "Rakov"un baş məşqçisi David Şvarqa çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirərkən deyib.
O, 3:2 hesabı ilə qalib gəldikləri matçın gözlənilən formada keçdiyini söyləyib: "Qarşılaşma gözlədiyimiz kimi keçdi. Birinci hissədə yaxşı müdafiə olunduq. İkinci hissə də yaxşı keçirdi. Qol buraxdığımız iki epizodu və rəqibin yaxşı şanslar yaratdığı bir neçə məqamı nəzərə almasaq".
33 yaşlı çalışdırıcı komandasından razılıq bildirib: "İki yaxşı komandanın üz-üzə gəldiyi görüşlərdə ancaq müəyyən dəqiqələrdə üstünlük əldə edə bilirsın. "Qarabağ" da 70-80-ci dəqiqələrdə daha yaxşı oynadı. Xüsusən də, ikinci qol zamanı daha yaxşı oynaya bilərdik. Buna rəğmən, futbolçulardan, matçda çətin vəziyyətləri idarə etmələrindən razıyam. Bu səviyyədə oyunlarda necə davranmalı olduğumuzu bilməliyik".
Şvarqa 81-ci dəqiqədə meydana çıxan yeni transferləri Sonni Kittelin debütdə qol vurmasına da münasibət bildirib: "Mən qumarbaz deyiləm, heç vaxt hər şeyi ortaya qoyaraq oynamıram. Kittelin debütü planda idi. Həmin vaxt nəticə bizi qane etmirdi. Sonni də keyfiyyətini ortaya qoydu. Onun qol vəziyyətləri yaradacağına inanırdıq".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.