UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, avqustun 17-də Belqradda keçiriləcək "Partizan" – "Sabah" görüşünü polşalı hakimlər idarə edəcək.

Görüşün baş hakimi Bartoş Frankovski olacaq. Ona yan xətdə həmyerliləri Marçin Boniek və Yakub Vinkler köməklik edəcək.

Frankovski azərbaycanlı futbolsevərlərə tanış simadır.

O, AVRO-2024-ün seçmə qrup mərhələsində martın 24-də Lins şəhərində keçirilmiş Avstriya – Azərbaycan görüşünü idarə edib – 4:1.

Polşalı iki dəfə "Qarabağ"ın oyununa da təyinat alıb.

Belə ki, Frankovski 3 il əvvəl  "Dandolk" - "Qarabağ" (1:1) və ötən il fevralda keçirilmiş "Qarabağ" – "Marsel" görüşündə iş başında olub.

Xatırladaq ki, "Qarabağ"ın 0:3 hesabı ilə uduzduğu görüşdə polşalı baş hakim Bartoş Frankovski Ağdam təmsilçisinin hücumçusu İbrahima Vadjinin vurduğu qolu qeydə alsa da, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalar çərçivəsində vurulmadığını bildirmişdi. Bundan sonra isə qol qərarı ləğv olunmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest