"O lideri komanda özü seçməli, hazırlamalıdır. İnanıram ki, getdikcə həmin lider də özünü büruzə verəcək. Potensiallı oyunçularımız var"

Misli Premyer Liqasının II turunun "Araz-Naxçıvan" - "Qəbələ" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...
 
- Bilirdik ki, çətin oyun gözləyir. Naxçıvan komandası çempionatda yeni olsa da, ilk matçda göstərdi ki, onlara məsuliyyətlə və hörmətlə yanaşmaq lazımdır. Komanda şəklində son iki oyunda istədiyimiz kimi deyilik. çətinliyin olacağını görürdük. Amma bu qədərini təxmin etmirdik. Təlim-məşq toplanışında daha fərqli idik. Dinamika azalıb, istədiyim tempi görə bilmirəm. Davam etmək lazımdır. İnanıram ki, toparlanıb, daha yaxşı olmağa cəhd edəcəyik.
 
- Toplanışdan sonra yorğunluq var, yoxsa psixoloji vəziyyətlə bağlıdır?
- Bu oyunda yorğunluq olmamalıdır. İlk oyunda uduzandan sonra psixoloji durumu enişə gedirsə, futbolçular daha möhkəm olmalıdır. Onlara burdan siqnal verirəm. Oyundan-oyunda yaxşılaşacaq. Son iki oyunda komanda epizoda girə bilmir. Mən "Qəbələ"də olandan belə şey baş verməmişdi. Yenə də çalışacağıq, xarakter göstərmək önəmlidir.
 
- Komandanın bu gün lidersiz qaldığını düşünmürsüz?
- Hər komandanın lideri olmalıdır.  Biz də istəməzdik ki, 10 nəfər klubu tərk etsin. O lideri komanda özü seçməli, hazırlamalıdır. İnanıram ki, getdikcə həmin lider də özünü büruzə verəcək. Potensiallı oyunçularımız var. Amma hələ komanda şəklində bunu görmürük. Tək-tək kimisə fərqləndirməzdim, ümumi olaraq yaxşı çıxış etmirik.
 
- Son saniyələrdə ülvinin komandanı azlıqda qoymasını necə şərh edərdiz?
- ülvi cəzalanacaq. Başa düşməlidir ki, komandanı belə məqamda azlıqda qoya bilməz.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest