"Futbola yeni başlayan bir komandanın bu qədər dominant və üstün olması, mənim üçün inanılmazdır. Təkcə onu demək kifayətdir ki, bizim ən yaxşı oyunçumuz qapıçı idi. Qapıçı olmasaydı, hesab daha ağır ola bilərdi". Matc.az xəbər verir ki, bunu "Partizan"ın əfsanəvi futbolçusu və məşqçisi İvan Qolaç deyib.
Belqrad təmsilçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah"a uduzub. Masazırda keçirilən görüşdə komandamız 2:0 hesablı qələbə qazanıb.
Qolaçın sözlərinə görə, "Partizan" dəyərsiz komandaya çevrilib: "Həvəskar komandaya oxşayır. "Ağ-qaralar" alçaldılır. "Sabah"la oyunun ilk yarısında ciddi nə iləsə yadda qalmadılar. Rəqib qapısına dəqiq zərbə vura bilmədilər. "Partizan" texniki və taktiki olaraq alçaldılıb. Məğlub olmaq dəhşətli deyil, amma mübarizə aparmalısan".
Qolacın fikrincə, bu cür oyunla "ağ-qaralar"ın cavab qarşılaşmasında uğur qazanacağı real deyil: "Mənim gördüklərimlə uğur mümkünsüzdür. Komandanın gələcəyi qaranlıqdır. Latın soyadlı əcnəbilər, belə futbolçu profili "Partizan"ın səviyyəsi deyil. Əvvəllər ürəklə oynayırdılar, üstəlik, keyfiyyət vardı. "Sabah"ın əvəzində başqa komanda olsaydı, "Partizan"a 7 qol vurardı".
"Partizan"ın sabiq çalışdırıcısı Bakıdakı oyun şəraitinin dözülməz olması ilə bağlı ayrı-ayrı şəxslərin bəhanələrinə də toxunub: "Bu nə axmaqlıqdır? Biz də isti havada oynamışıq. Futbol əvvəllər mübarizə, ləyaqət, keyfiyyət, kişi oyunu idi"