26 Noyabr 2023, 15:59
FUTBOL
Azərbaycan millisinin sabiq kapitanı Rahid Əmirquliyev yığmanın boş qalan baş məşqçi postu ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, yerli mütəxəssisin milli komandada çalışmalı olduğunu vurğulayıb:
"Həmişə demişəm, yenə də sözümün üstündə dayanıram: Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdır. Kimsə fikrimlə razılaşmaya bilər, lakin bu, mənim şəxsi düşüncəmdir. Ona görə ki, legioner məşqçinin qazanacağı nəticəni yerli mütəxəssis də qazana bilər. Azərbaycanlı məşqçi seçimi yaxşı olar, amma pis olmaz".
Əmirquliyev, "Yerli məşqçilərdən kim yığmanın çalışdırıcısı olmağa daha real namizəddir" sualını belə cavablandırıb: "Konkret ad çəkmək istəmirəm. Lakin millidə işləmək potensialına sahib olan məşqçilərimizin sayı az deyil. Bu, həm işsiz çalışdırıcılara, həm də hazırda fərqli klublarda çalışan mütəxəssislərə aiddir. İnanmıram ki, yerli məşqçilərdən hansısa millidən gələcək təklifi qəbul etməsin".
34 yaşlı futbolçu hazırda II Liqada mübarizə aparan və formasını geyindiyi "Şahdağ Qusar"dan da söz açıb: "Şükürlər olsun ki, işlərimiz yaxşı gedir. Əlbəttə, istəyərdik ki, nəticələrimiz bundan da yaxşı olsun. Birinci pillədə olsaydıq, daha yaxşı olardı. Hazırkı nəticələrimiz də pis deyil. Üçüncü pillədə qərarlaşmışıq. Qarşıda çoxlu oyunlarımız var. Ümumi götürdükdə isə, işlərimizin yaxşı getdiyini deyə bilərəm. Hər şey qaydasındadır. Sonuncu tur böyükhesablı və layiqli qələbə qazandıq. Hədəfimiz çempion olmaqdır. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu tempdə davam etsək, çempionluq yaşamaq şansımız olacaq".