“Əslində, qarşımıza qrupdan çıxmaq məqsədi qoyulmuşdu”. Bunu matc.az saytına qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Çalışdırıcı əməkdaşımızla söhbətində UEFA Millətlər Liqasının qarşıdan gələn 2 oyunu və komandanın son durumu barədə danışıb: “Qrupda iki oyunumuz qalıb. Səfərdə Kipr, Bakıda Farer adaları ilə qarşılaşacağıq. Hazırda liderik. Kiprdəki oyunda qələbə qazansaq, birinci yerin sahibi kimi B qrupuna vəsiqə qazanacağıq. Bu gün Kiprə yola düşürük. Hazırlığımızı orada davam etdirəcəyik. Millidə çıxış edən futbolçulardan Rusiyada, Türkiyədə, Yunanıstanda forma geyinənlər var ki, onlar birbaşa Kiprə yollanacaq”.
Əsgərov heyətdəki itkilərə də toxunub: “Çox təəssüf ki, yığmamızın futbolçusu Nazlıcan Parlak klubunda diz bağlarından zədə alıb, əməliyyat olunacaq. Komandamız üçün itkidir. Bir də Vüsalə Hacıyevanın zədəsi var idi. Məşqlərə gec başladığı və müəyyən müddətdir məşq etmədiyi üçün bu dəfə onu çağıra bilmədik. İki futbolçudan başqa tam heyətlə oyunlara hazırlaşırıq. İnşallah, səfərdə Kiprə qalib gəlib, məqsədə çatacağıq”.
Mütəxəssis komandanın qrup lideri olmasına baxmayaraq, futbolçuların arxayınlaşmamasını bildirib: “Bu barədə futbolçularla danışmışıq. Bu halda, nələri itirə bilərik, hamısını danışmışıq. Onlar da uşaq deyillər, anlayırlar. Bu yerə gəlmək üçün çəkilən əziyyət var. Mən inanmıram ki, qızlarımız çəkdiyimiz əziyyətləri arxayınçılığa qurban verərlər. Ona görə də bütün komanda hər iki oyuna tam hazırlaşır”.
Qeyd edək ki, qadın futbolçulardan ibarət milli komandamız UEFA Millət Liqasının C qrupunda dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra isə doğma meydanda Farer adaları ilə qarşılaşacaq. Azərbaycan yığması 4 oyundan sonra 10 xalla qrup lideridir.
Günay VƏLİYEVA