"Biz meydana qələbə üçün çıxacağıq. Kubok oyunları bir görüşdən ibarətdir. Biz növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik"
“Qələbə üçün təcrübə, keyfiyyət çatmır”. Bu sözləri matc.az saytına “Difai Ağsu”nun baş məşqçisi Elgiz Kərəmli deyib.
I Liqada çıxış edən Ağsu təmsilçisi 9 turdan sonra topladığı 1 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Komandanın durumu haqda danışan çalışdırıcı ikinci dövrədə daha yaxşı çıxış edəcəklərinə inanır:
“Komanda yeni yaranıb. Heyətdə olan futbolçuların 90 faizi peşəkar futboldan uzaq düşənlərdir. Çalışırıq ki, həftəlik məşqlərlə onların fiziki formasını bərpa edək. Bu da müəyyən vaxt aparır. Oyundan-oyuna inkişaf var. Həm fiziki cəhət, həm də təcrübə baxımından irəliləyiş görünür. Düşünürəm ki, ikinci dövrədə daha yaxşı nəticələr olacaq. Düzdü, hələlik qələbəmiz yoxdur, amma yeni transferlər edib, çatışmazlığı aradan qaldıracağıq”.
“Difai Ağsu”nu qarşıda “Karvan”la kubok oyunu gözləyir. Görəsən, baş məşqçi bu barədə nə düşünür: “Güclü rəqibdir. Səfərdə oynayacağıq. Yevlaxda meydan təbii otdur. Biz isə süni örtüklü meydanda məşq edirik. Həm azarkeş, həm meydan, həm rəqibin yaxşı komanda olması bizə çətinlik yaradacaq. Amma buna baxmayaraq, biz meydana qələbə üçün çıxacağıq. Kubok oyunları bir görüşdən ibarətdir. Biz növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik”.
Kərəmli, həmçinin bildirib ki, əsas hədəf əzmkar komanda yaratmaqdır: “Oyundan-oyuna əzmkarlığın artdığı göz önündədir. Lakin qələbə üçün çox keyfiyyətlərimiz çatmır. Digər hədəfimiz isə Liqada qalmaqdır. İkinci dövrədə xal fərqinin böyük olmasına baxmayaraq, yeni transferlərlə daha üst pillələrə qalxmağa çalışacağıq”.
Günay VƏLİYEVA