Azərbaycan millisinin məşqçisi Arif Əsədovun matc.az saytına müsahibəsi
- Canni de Byazinin gedişindən sonra AFFA milliyə yeni baş məşqçi axtarışındadır. Uzun müddətdir yığmada çalışan bir mütəxəssis kimi, buna münasibətiniz necədir?
- Assosiasiya rəhbərliyinin istənilən qərarına hörmətlə yanaşacağıq. Təbii ki, hər birimiz yerli məşqçi təyinatının tərəfdarıyıq.
- AFFA-nın baş katibi Sərxan Hacıyev də yeni baş məşqçinin yerli olmaq ehtimalının az olmadığını dedi...
- Millidə çalışmaq hər bir məşqçi üçün şərəfdi. Bu, təbii ki, mənə də aiddi. Çünki yığma məşqçi karyerasının pik həddidi. Hər kəs bu postda özünü yoxlamaq istəyər.
- İndidən Şenol Günəş, Fatih Terim kimi məşqçilərin adları hallanır. Sizcə, onlar yığmaya nə verə bilərlər?
- İstənilən komandada baş məşqçi postu boş qalanda müxtəlif adlar hallandırılır. Bir daha təkrar edirəm, AFFA rəhbərliyinin verəcəyi hər bir qərarı hörmətlə qarşılamalıyıq.
- Artıq 4 ildir millidə köməkçi-məşqçi kimi fəaliyyət göstərirsiniz. Özünüzü baş məşqçiliyə hazır sayırsınız?
- Aşağı yaş qrupundan ibarət yığmada və “Neftçi”də baş məşqçi kimi çalışmışam. Ancaq özümün bu barədə nəsə deməyim doğru olmaz. Hər bir yerli mütəxəssis ölkəsinin yığmasında işləmək istəyər. Qeyd etdiyiniz kimi, dörd ildir buradayam, komanda barədə hər şeyi bilirəm.
- Yəqin ki, təklif olsa, ikiəlli razılaşarsız?
- Belə qərar verilsə, doğma vətənimin komandasında çalışmağı özümə borc bilərəm.