“Alınmadı”. Bunu matc.az saytına az öncə “Şamaxı” klubunun baş məşqçisi postundan ayrılan Vüqar Əsgərli deyib.
İstefası barədə danışan gənc çalışdırıcı qərarını belə əsaslandırıb: “Düzdü, rəqiblərlə xal fərqinə görə arada böyük uçurum yox idi. Amma düşünürəm ki, gördüyümüz işin qarşılığında daha çox xal olmalı idi. “Karvan”la oyunu tam incələsək, futbolcular çox istəkli idi. Sadəcə, alınmadı. Bu hal qərarıma təsir etdi. İstefamda heç bir başqa səbəb yoxdur. Mənim həm klub rəhbərliyi, həm də futbolçularla yaxşı münasibətim olub”.
Baş məşqçidən bundan sonra nə işlə məşğul olacağını da soruşduq: “Qərarım anidən olduğu üçün hazırda heç bir təklifim yoxdu. İndi dincəlirəm”.
Xatırladaq ki, I Liqanın IX turunda “Karvan”a məğlubiyyətindən sonra bölgə klubunun baş məşqçisi Vüqar Əsgərli klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Əsgərli ötən mövsümdən "Şamaxı" Premyer Liqada iştirak etməyə başlayandan baş məşqçi postunda yer almışdı.
Günay VƏLİYEVA