“Əsas olan komandaya kömək etməkdir. Biz bir komandayıq və hər oyunçu maksimumunu verməlidir”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Zirə”yə 1:0 hesabı ilə qalib gələn “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Çətin oyun oldu. "Zirə" yaxşı təşkilatlanmış komandadır. Birinci hissədə bərabərsəviyyəli oyun keçdi. Fasilədən sonra daha yaxşı oynadıq. Futbolçularımın meydandakı davranışından, oyuna yanaşmasından razıyam. Onlara təşəkkür edirəm. Sona qədər döyüşdülər. Sonradan oyuna daxil olanlar da özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu, məni sevindirir. Səmimi desəm, onların meydandakı davranışları məni qane edir. Düzdür, qol vurmamaqları narazılıq yaradır. Hər məşqçi istəyər ki, hücumçuları qol vursun. Onların məhsuldarlığının artması komandaya da faydalı olacaq. İndiyə qədər bütün oyunçulara şans vermişəm. Heyəti seçəndə məşqlərdə özlərini daha yaxşı göstərənlərə üstünlük verirəm. Tamaş və Sayef də yaxşı məşq edir. Bizim oyunçularımızdır. Lakin bu gün seçimim fərqli oldu. Rəhman Hacıyev sonradan oyuna daxil olsa da, yenə qol vurdu. Nə qədər oynamağın fərqi yoxdur. Əsas olan komandaya kömək etməkdir. Biz bir komandayıq və hər oyunçu maksimumunu verməlidir. Komanda şəklində bir olsaq, hər oyunda qələbə qazana bilərik. Bu gün də belə oldu. Təhlillər aparırıq, qış fasiləsinə hələ vaxt var. Azarkeşlər orada necə istəyirlər, davrana bilərlər. Hər birimiz bilirik ki, biz daha çoxunu verə bilərik. Ona görə onlar narazılıqda haqlıdırlar. Futbol elədir ki, şans gələndə, düzgün yararlanmaq lazımdır. Hazırda Rza ona verilən şansdan maksimum yararlanır. Növbəti görüşlərdə qapıda kimin olacağını deyə bilmərəm.  Oyuna əvvəldən başlayanda da ondan razı qalırdım. "Sabah"la matçda qolu var idi. Beş qol vurub və ən məhsuldar oyunçumuzdur. Əsas məsələ "Neftçi"nin yaxşı nəticə qazanmasıdır. Hər futbolçu bunun üçün çalışmalıdır. Oyunçuları əsas və ehtiyat oyunçu kimi ayırmıram. Hamısı mənim üçün eynidir. Futbolçu olanda da belə yanaşma görməmişəm. Düşünmürəm ki, siz dediyinzi kimi futbolçularım vaxt itirirdilər. Sadəcə onlar həmin dəqiqəni daha yaxşı idarə edirdilər. Bununla bağlı yaxşı təcrübəmiz var. Bu, futbolçuların özünün "bicliyi" idi. "Araz-Naxçıvan"la oyunda düzgün nəzarət etsəydilər, üç xal qazanardıq. "Sabah"la matçda da həmçinin bir xal qazanardıq. Artıq futbolçularım öyrənir ki, dəqiqəni necə idarə etmək lazımdır. Nəticələrdə davamlılıq olsa, ilk "11-lik"də stabillik olacaq. Mənim yerimdə olsanız, qələbə qazanmasanız, dəyişiklik etməzsiniz? Keçən oyundan fərqli olaraq iki dəyişiklik edildi. Adaptasiyam artıq bitir. Futbolçular da necə davranmalı olduqlarını bilməlidir. Bəzi oyunlara baxsaq, bəxtsizliklə qarşılaşmışıq. Bu komandanın potensialını bilirəm. Hücumçular geridədirlər. "Zenit"lə oyunda qalib gəldikdən sonra baxırsan ki, "Sumqayıt"a uduzursan. Bu, narahat edən məqamdır. Bu haqda oyunçularla danışıram. Burada açıqlamayacam. Nəticələrdə davamlılıq olmalıdır. Oyunçuların köməyi ilə bunun öhdəsindən gələcəyik. Bütün məsuliyyəti Eminin üzərinə atmayaq. Ən yaxşı milli oyunçumuzdur. Hamı onun üzərində böyük təzyiq yaradır ki, Emin xüsusi nəsə etməlidir. Hər şeyi onun üzərinə atmaq ədalətli olmaz. Çünki komandada oynayan təkcə o deyil. Məşqlərə yanaşması, davranışı çox peşəkar səviyyədədir. Çox motivasiyalıdır. Sizə əminliklə deyə bilərəm ki, komandada hamıdan çox o qol vurmaq istəyir. Kapitandır, komandaya faydalı olmağı düşünür. Ümid edirəm ki, növbəti oyunlarda istəyinə çatacaq. Bəlkə, bizim də hansısa səhvlərimiz olur ki, topu ona düzgün çatdırmırıq”. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest