Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Sumqayıt -2” komandasının baş məşqçisi vəzifəsini icra edən Vaqif Cavadovun matc.az saytına müsahibəsi
 
- Millinin baş məşqçi postu boşdu. Sizcə, yerli, yoxsa əcnəbi mütəxəssis uğurlu olar?
- Namizədlərin kimlər olduğunu bilmirəm. Ona görə də ad çəkməkdə çətinlik çəkirəm. İnanıram ki, millidə əcnəbi məşqçi olsa, ən layiqlisi seçiləcək. Yerli məşqçilər arasında isə işsiz olanı azdı. Layiqli məşqçilərimiz var. Qərarı AFFA rəhbərliyi verəcək.
 
- Canni de Byazi Azərbaycan futboluna nə qazandırdı?
- De Byazinin futbolumuza verdiyi elə onun son davranışıdı. Gəldiyi ilk gündən ancaq davranışları ilə diqqət çəkdi. Millidə nə istədiyimiz futbolçuları görə bildik, nə də arzulanan ab-havanı. Ancaq intriqalar, söz-söhbətlər oldu. Bir sözlə, de Byazi bizə uyğun olmadı.
 
- Yığmanın son matçları sizdə necə təəssürat yaratdı?
- Millimiz son oyunlarda yaxşı çıxış etdi. Evdə İsveçlə görüş uğurlu alındı. Ancaq qrupda nəticə və oyun baxımından çətinliklərimiz çox oldu.
 
- Sizcə, Azərbaycan millisinin ən güclü heyəti hansı olub?
- Heyətlə bağlı çox danışılıb. Hər dövrün öz komandası var. Bizim dövrümüzdə də, indi də yaxşı oyunlar olub. Azarkeşlərin hansı qarşılaşmalara daha çox maraq göstərdiyinə baxmaq lazımdı. Yəni hansı oyun maraqlı olubsa, ona azarkeş daha çox gəlib. Ola bilər ki, heç bir heyət nəticə verməyib.
 
- De Byazinin yarımmüdafiəçi Qara Qarayevə dəvət göndərməməsini necə qarşıladınız?
- De Byazinin min cür fikri ola bilər. Bəlkə də, Qarayevlə problemi var idi. Bir futbolçu sevinmirsə, onun səbəbini soruşmaq lazımdı. Həmin anda zədəli ola bilər. Bu o demək deyil ki, futbolçu millidən uzaq qalmalıdı. Hərənin öz fikri var. Qara Qarayevin futboluna hamı bələddi. Məncə, hələ də milliyə kömək edə bilər.
 
- Azərbaycan çempionatında “Zirə”, “Səbail” və “Sumqayıt”ın builki çıxışları yaxşı mənada sizi təəccübləndirmir?
- Hər üç komanda çox yaxşı çıxış edir. İnanıram ki, qışda yaxşı transferlər edərək, daha da güclənəcəklər. Çox maraqlı çempionat gedir. Düşünürəm ki, ikinci yarı da maraqlı və gərgin alınacaq. Komandalar bir-birilərinə yaxındırlar, istənilən klub 3 xal qazananda turnir cədvəlində 2-3 addım irəliləyə bilir. Xallar arasında fərq azdı.
 
- Gələcək karyeranız, hədəfləriniz barədə yenilik varmı?
- Hazırda A kataqoriyası almaq üçün çalışıram. Məşqçilik karyeram təzə başlayıb. Futbolumuzun gələcəyi gənc məşqçilərdən asılıdı. Ona görə oxumaq, çalışmaq lazımdı. İnanıram ki, futbolumuz daim irəliyə gedəcək.
 
Günay VƏLİYEVA

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest