08 Dekabr 2023, 15:55
FUTBOL
II Liqada çıxış edən “Şahdağ Qusar”ın və minifutbol üzrə ölkə çempionatında oynayan “İnter”in üzvü Rahid Əmirquliyevin matc.az saytına müsahibəsi
- Azərbaycan millisinin sabiq futbolçularından ibarət “İnter” komandası minifutbol çempionatına “Sumqayıt” üzərindəki 4:2 hesablı qələbə ilə başladı. Qollardan birinə siz imza atdınız. Matçla bağlı nə deyə bilərsiniz? Minifutbol çempionatında oynamaq necə hissdir?
- İlk dəfədir minifutbol çempionatına qoşulmuşuq. Düzdür, indiyə kimi öz aramızda minifutbol oynayırdıq. Amma heç vaxt çempionata qatılmamışdıq. Bizim üçün çox maraqlı və xoşdur. Debüt matçımızda qələbə qazanmaq sevindiricidir. Yaxşı çempionatdır, güclü komandalar və oyunçular var. Təşkilatçılığa söz ola bilməz. Çalışacağıq ki, hər oyunda yaxşı nəticə qazanaq. Məqsədimiz çempionatı yuxarı pillələrdə bitirməkdir. Mövsümün sonunda biləcəyik ki, vaxtilə böyük futbol oynayanlar minifutbol oynaya bilirlər, ya yox.
- Böyük futbolla müqayisədə minifutbolun nə kimi çətinlikləri var?
- Fərq böyükdür. Minifutbol oynamaq daha çətindir. Bu, bizə böyük futboldan ağır gəlir. Meydançanın kiçik olmasına baxmayaraq, çox qaçmalı, daim hərəkətdə olmalısan. Bu məqamlara görə bizə çətin gəlir. Həm də minifutbola uyğun məşqlərə bu yaxınlarda başlamışıq, hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Minifutbola öyrəşmək üçün bizə bir az vaxt lazımdır.
- İkinci liqada “Şahdağ Qusar”ın da heyətində çıxışınızı davam etdirirsiniz. Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”a uduzaraq mübarizəni dayandırsanız da, liqada “Göygöl” üzərində böyükhesablı qələbə əldə etdiniz…
- İkinci liqada işlərimiz pis getmir. Çempionatın ilk dövrəsini birinci pillədə bitirmək istərdik. Təəssüflər olsun ki, bunu edə bilmədik. Hazırda turnir cədvəlində üçüncüyük. Çalışacağıq ki, liderlə aradakı xal fərqini ikinci dövrədə aradan qaldıraq. Böyük xal fərqi yoxdur. Ölkə kubokunda ilk mərhələni keçsək də, növbəti oyunda “Qaradağ Lökbatan”a məğlub olduq və mübarizəni dayandırdıq. Həmin matçda qalib gələ bilərdik, amma rəqib də yaxşı komanda idi. Bundan sonra bütün gücümüzü çempionata yönəldəcəyik. Liqanın son oyununda “Göygöl” ilə qarşılaşdıq. Yaxşı hazırlaşmışdıq və böyükhesablı qələbə qazandıq. Çalışacağıq ki, bu ilin son matçında - “Kürmük Qax” ilə görüşdə də maksimum nəticə əldə edək.
- Premyer Liqada çempionatın yarılanmasına artıq 3 tur qalıb. 15 tura əsasən, komandalarla bağlı hansı fikirləriniz formalaşıb?
- Yüksək dəstənin oyunlarını daim izləyirəm. “Səbail”in builki nəticələri məni çox sevindirir. Uğurlu çıxışı davam etdirmələrini istərdim. Çempionluğa əsas favorit isə “Qarabağ”dır, mövsümün əvvəlindən bu fikirdəyəm. Bu mövsüm “Neftçi”dən çox şey gözləyirdik. Yayda xeyli sayda transfer etdilər. Bəlkə də komanda hələ tam oturuşmayıb. “Zirə”nin avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını gözləyirdik, bu fikrimiz özünü doğrultdu. “Sumqayıt”ın da uğurlu çıxışını qeyd etmək olar, yaxşı oyun göstərirlər.
- Sabiq komandanız "Qarabağ" gələn həftə Avropa Liqasında qrupun son oyununa çıxacaq. Sizcə, "Qarabağ" Bakıda "Hekken"i məğlub edərək, yeni tarix yaza və Avroliqada pley-offa çıxa biləcəkmi?
- “Qarabağ” avrokuboklardakı oyunu ilə hamımızı sevindirir, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edir. “Mölde” ilə səfər matçında son saniyələrdə vurduğu qolla sərfəli nəticə əldə etdi. İndi “Qarabağ”ı “Hekken”lə ev oyunu gözləyir. Uğurlar arzulayıram. “Qarabağ” bu oyunda qələbə qazanaraq tarix yazacaq. Mən buna inanıram. “Qarabağ” “Hekken”ə qalib gəlmək gücündədir və bunu səfərdəki matçda da göstərib.
- Milli komandanın baş məşqçisi postuna müxtəlif namizədlərin adları hallanır. Hansı təyinatın yığma üçün daha faydalı olacağı qənaətindəsiniz?
- Həmişə bu fikirdə olmuşam ki, millini yerli məşqçi çalışdırmalıdır. Buna AFFA qərar verəcək. İnanıram ki, düzgün qərar qəbul edəcəklər. Şəxsi fikrim belədir ki, yığmanın baş məşqçisi azərbaycanlı olmalıdır.