"Turan Tovuz"la səfərdə oynamaq asan deyil”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyr Liqasında “Turan Tovuz”a 1:0 hesabı ilə uduzan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib: “Gərgin oyunun şahidi olduq. Meydanda əzmkar futbol var idi. Qola qədər daha çox taktiki savaş gedirdi. Əks-hücumda qol buraxdıq. Bundan sonra üstünlük bizə keçdi. Qol şanslarımızdan istifadə edə bilmədik. "Turan Tovuz"la səfərdə oynamaq asan deyil. Oyun heç-heçə ola bilərdi. Qol vuran qazanacaqdı və rəqib uğurlu oldu. Növbəti oyunlara hazırlaşacağıq”.
Çalışdırıcı qarşıdakı kubok oyununa da toxunub: “Qısamüddətli oynamaq heç bir komandaya xoş deyil. Çətin rəqib bizə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi daha yüksək olacaq. Kubok bizim üçün vacibdir. Meydan amili üstünlüyünü deməzdim. "Turan Tovuz" bu mövsüm səfər oyunlarını yaxşı keçirir. Kubok bu oyunun davamı olacaq. Çalışacağıq ki, sevinən tərəf biz olaq”.
Rəşad Sadıqov müdafiə futbolu oynatmadığını bildirib: “Oynatdığım futbol hansıdır? Müdafiə futbolu oynatmıram. "Sabah"a, "Qarabağ"a qarşı ola bilər, amma digər komandalara qarşı belə etməmişəm. Kimsə kənardan müdafiə futbolu görürsə, gəlsin, oturaq müzakirələr aparaq. Dərin təhlillər lazımdır. "Qarabağ"la oyunda müdafiə futbolu ola bilər. Bu, başqa məsələdir. İstəsən də "Qarabağ" sənə imkan vermir. Ötürmələrdə səhvlik varsa, o demək deyil ki, müdafiə futboludur.
Baş məşqçi onu qınayanlara da cavab verib: “Eyni futbolu oynayıb, qələbələr qazanım deyəcəklər əla. Bizim futbolda təhlillər düzgün aparılmır. Heç bir oyunda rəqibdən daha az top saxlamamışıq. Yaxşı olmaya bilərik, amma rəqiblər də zəif olub. Bu gün heyətimin 70-80 faizi az oynayan oyunçular olub. Elə şeylər var ki, burada danışa bilmirəm. Salif Suma bizə gələnə qədər 15 dəqiqə peşəkar futbol oynayıb. İssa Cibrilla klubundan göndərilib, İsmayıl, Rüstəm "Qarabağ"da az oynayıb. Kulaç son illərdə az şans qazanıb. Düzdür, 3-4 futbolçumuz var ki, stabil oynayıb. Seleksiya işləri görür, komanda formalaşdırırıq. Baxımlı futbol oynamağa çalışırıq. Təsadüfi olar ki, biz bəxtlə qol vuraq. Ya uzaqdan vurulsun, ya avtoqol, ya nəsə. Bizdə belə şeylərin olduğunu xatılamıram. Çoxlu qol imkanları yaradırıq, amma dəyərləndirə bilmirik. Vurmadıqca, inamsızlıq yaranır. Uzun mövzudur. Kim deyirsə ki, müdafiə futbolu oynayırıq, gəlsin müzakirə edək. Bizim fəlsəfəmiz topu hara gəldi vurmaq deyil. Kombinasiyalı futbol oynamaq istəyirik. "Sabah"ı məğlub etdiyimiz vaxtlar olub, ancaq qələbə qazanmamışıq. Oyunla nəticəmiz arasında disbalans var. Bu gün "Turan Tovuz" uzaqdan zərbə vurdu və qələbə qazandı”.