Bakıda AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüşdə federasiya ilə klublar arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı, gələcək planlar və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir zamanı AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib.
Görüşün ikinci günündə iştirakçılar FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində keçirilən Azərbaycan – Çili oyununu birgə izləyiblər.
Qeyd edək ki, AFFA ilə futbol klublarının akademiya rəhbərləri arasında bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulub. Növbəti görüşün gələn ilin yanvarında təşkili planlaşdırılır.













