17 Dekabr 2023, 13:13
FUTBOL
"Mançester Siti", "Fulhem"in və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Palinyanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, futbolçu ilə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola yaxından maraqlanır. İngiltərə klubu portuqaliyalı oyunçunu qış transfer pəncərəsində 50 milyon funt-sterlinqə almağı planlaşdırır. Mançester klubu ilə yanaşı futbolçu ilə "Liverpul" və "Bavariya" da maraqlanır.
O, 2022-ci ilin yayında "Sportinq"dən "Fulhem"ə transfer olunub. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Bu mövsüm o, Premyer Liqada və İngiltərə Kubokunda 16 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb. "Transfermarket" portalı 28 yaşlı dayaq yarımmüdafiəçisini 55 milyon avro dəyərində qiymətləndirir.