“Araz-Naxçıvan” klubunun futbolçusu Turan Manafovun matc.az saytına müsahibəsi

- “Araz-Naxçıvan”a keçidiniz necə baş tutdu?
- Ötən mövsümün sonunda “Səbail”lə danışığımız oldu. Komanda rəhbərliyi qalmağımı istəyirdi. Amma maliyyə baxımından razılaşa bilmədik. Müqaviləm də başa çatmışdı. Bu səbəbdən ilə yollarımızı ayırdıq. Digər klublardan da təklif almışdım. Ən real təklif isə “Araz-Naxçıvan” idi. Baş məşqçi Azər Bağırovla danışdıq və razılaşdıq. Bu komandaya keçidimə görə çox şadam. Onunla işlədiyim üçün sevinirəm. Çox yaxşı insandır. Mənə çox dəstək olur. Hər şey üçün çox sağ olsun.

- Başqa hansı klublardan təklif almışdınız?
- “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”dən. Ən yaxşı seçimin “Araz-Naxçıvan” olacağını düşündüm. Azər Bağırovun dəstəyi qərar verməkdə mənə çox təsir elədi.  

- Milli komandaya da dəvət olundunuz. Bu barədə təəssüratlarınız necədir?
- Yığmada hər bir futbolçu oynamaq istəyir. Bütün futbolçuların arzusudur ki, millinin formasını geyinsin. Bir neçə dəfə milliyə çağrılmağımla bağlı söz-söhbətlər var idi. Amma indi qismət oldu. Düzdür, çıxış etmədim. Amma bundan sonra da dəvət olunmağım məndən, oyunumdan asılıdır. Əlimdən gələni edəcəm. Daha çox motivasiya, həvəslə hazırlaşacam. Daim millidə oynamaq, o formanı geyinmək istəyirəm.  

- Cərimə zərbəsindən möhtəşəm qollara imza atırsınız. Buna əvvəlcədən hazırlaşırsınız?
- Heç vaxt xüsusi hazırlaşmamışam. Düzdü, məşqlərdə oxşar zərbələr üzərində çalışmışıq. Açığı, özümə inanıram. Məşqlərdə də görürdüm ki, cərimə zərbələrini yaxşı vururam, bunu bacarıram. Bunu etməyimdə məşqçilərimin də rolu böyükdür. Onlar mənə inanırlar.

- Bir ara legioner həyatı yaşadınız. Yenidən ölkə xaricinə çıxmaq fikriniz varmı?
- Legioner həyat yaşadım. Düzdür, getdim yaxşı olmadı. Xaricdə oynamağımın həm müsbət, həm mənfi tərəfləri oldu. Müsbət tərəfi o oldu ki, çox şey öyrəndim. Anladım ki, daha çox çalışmalıyam. Mənfi tərəfi isə o idi ki, bir müddət futbolsuz qaldım. Zədəm oldu. Maddi baxımından problemlər yaşadım. Bir dəfə o səhvi elədim. Artıq bilirəm ki, necə qərar verməliyəm, nə etməliyəm. Hər ziyanın yaxşı tərəfi də olur. Artıq yaxşı tərəfdən düşünürəm. Gələcəkdə qismət olarsa, bəlkə gedərəm.  

- Çempionatda hədəfiniz nədir,  qarşıya hansı məqsəd qoyulub?
- Komandanın hədəfi yüksək pillələrdə qərarlaşmaqdır. Yaxşı futbol göstərmək, hər oyun yaxşı nəticələr əldə etməyə çalışırıq. Mənim istəyim isə komandamızın ilk “üçlük”də qərarlaşması, avrokuboklara vəsiqə qazanmasıdır.

- “Səbail”də son zamanlar ehtiyatda qalırdınız. Amma “Araz-Naxçıvan”a gələndən sonra əsas heyət oyunçusu oldunuz. Buna səbəb nə idi?
- Düzdür, “Səbail”də ehtiyatda qalırdım. Bunun səbəbini bilmirəm. Bunu Mahmud Qurbanovdan soruşmadım. Baş məşqçiyə o sualı verməyi rəva görmədim. Yayda “Səbail”də qalmaq istəmirdim. Amma Mahmud Qurbanovla görüşüm oldu. Mənə inandığını dedi. Amma stol arxasında danışılanlar gərçəkləşmədi. İndi daha yaxşı formadayam. Özümə inanıram.

Günay VƏLİYEVA

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest