"Onsuz da mən bura gələndə prioritet, çıxış yolunu kubokda görürdük. Hamı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq".

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 26-cı turunun "Turan Tovuz"la oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib. 

Matc.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?
- Rəqib azlıqda qalmamışdan qabaq oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, biz istədiyimizi futbolçular yerinə yetirirdi. Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunurdular, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə də eyni cür oynayanda, plan üzrə iş gedir.

- Komanda Premyer Liqada qeyri-stabil zolağı tərk edə bilmir. Bütün diqqət artıq kubokdadır?
- Onsuz da mən bura gələndə prioritet, çıxış yolunu kubokda görürdük. Hamı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq. Amma liqa oyunlarından qopmamışıq. Kuboka da, liqa oyunlarına da köklənirik. Bütün matçlara qalibiyyət üçün çıxırıq. 

- Ağadadaş Salyanskini "Kəpəz"lə matçdan sonra tənqid etmişdiniz, amma bu gün də start heyətində idi...
- Futbolçu ilə danışırıq. İş prinsipim belədir. Mənim işimdə belə şeylər olur. Xoş hal odur ki, Ağadadaş həmin açıqlamadan sonra üzə çıxdı. Təki belə olsun. Azərbaycanlı futbolçunun vəkilləri çoxaldı. Keçən dəfə tənqid etdik, bu dəfə start heyətində meydana çıxmayacaq deməmişdik. Əsas odur ki, iradlardan dərs çıxarsın. Bundan sonra daha yaxşı olmalıdır. Ağadadaş və digər oyunçular, əvəzedici komandadan gələnlər başa düşməlidir ki, bu, şansdır. Yerli baş məşqçinin burada olması onlar üçün şansdır. Legionerlər var, yüksək maaş alanlar var, onlar ehtiyatda oturublar, Ağadadaşa şans veririk. Ağadadaş və digər futbolçular da bu şansı dəyərləndirməlidir. Hücumçudursa, bunu göstərməlidir. Məşqlərdə, oyunda bunu etməlidir. Tənqid edirik, irad bildiririk. Bundan sonra da hamısı şans qazanacaq.

- "Qarabağ" Azərbaycan Premyer Liqasından üstün səviyyədə komandadır. Amma hazırkı "Neftçi" 10 nəfərlə qalan "Turan Tovuz"u udacaq potensialda deyil?
- Baxırdız oyuna? Biri var epizoda girmək, bunun üzərində işləyirsən. Elə epizodlar olur ki, orada oyunçu qərar verməlidir. 11 və ya 10 nəfər, "Turan Tovuz"un oyun üslubu budur. 11 nəfərə qarşı da belə vəziyyət olacaqdı. Rəqibin 10 nəfər qalmağını əlinizdə bayraq tutursuz. Udmaq üçün hər şeyi etdik. Ondan artıq epizod yaratmağımızı istəyirsizsə, dərhal olası bir şey deyil.

- Dembo Darbonun zədəsi xronikidir? Kubok görüşünə hazır olacaq?
- Xronikidir, ya yox, bilmirəm. Tam hazır deyil. Siyahıda 23 futbolçu olmalıdır. Darbo optimal formadan uzaqdır. Milli fasilədən sonra düzəlsə, oynayar.

- Emin Mahmudov niyə oynamadı?
- Zədəyə görə. "Səbail"lə görüşü də buraxacaq. Müalicə prosesi keçəcək. Emin kimi yaşlı oyunçularda proses uzun çəkir. Mahmudov sona kim qaçan, gücün qorumayan oyunçudur.

- Futbolçu dönəminiz gözümüzün qabağında olub. Sizdəki döyüşkənlik niyə indiki "Neftçi"də yoxdur?
- Deməzdim ki, komanda təslim olub. Bu qol bizi üzdü. Bəzi oyunçular anlayacaqlar, bəzi oyunçular məşqçisinin ruhunu özünə götürəcək. Kiminsə içində yoxdursa, dəyişmək çətindir. Bizdə yoxdur demirəm, ümumi deyirəm. İnsanlar ayrı-ayrı xarakterə malikdir. İnanıram ki, bu da düzələcək. Burada problem görmürəm. Son vaxtlar harada təslim olduq? Elə "Zirə"də son dəqiqədə qalib gəldik. Bəzi matçlarda komanda, oyunçu düşür. "Kəpəz"lə oyunda baş verənlərə görə ümumi fikir formalaşıbsa sizdə... Məndə belə fikir yoxdur. Komandam axıra kimi döyüşür. Referi hər epizodda cərimə zərbəsi verirdi, uşaqlar yerindən qalxırdı. Siz verdiyiniz suallar tək elə bil "Neftçi"yə verilən suallardır. Yaxşı da xarakterimiz var. Bundan da yaxşı olacağıq.

- "Neftçi"dən gözləntilər yüksəkdir...
- Reallığı da qəbul edək ki, 5 xalı olan komandanı götürmüşük. İnsanlar da başa düşür ki, dərhal 1-ci və ya 2-ci yerə gətirib çıxara bilmərsən. "Neftçi"nin ətrafında neqativ axtarmağa çalışırsızsa, bunun sonu yoxdur.

- Bəzi azarkeşlər "Neftçi"ni ötən turda "Kəpəz"ə qəsdən uduzmaqda ittiham edir
- Mən nədən danışım? Mən bu qədər danışdım, gör nə deyirsiz. Niyə başqa klublara belə suallar verilmir? Günahımız nədir? Cavab istəyirsiz? Kameranı söndürün, xanımlar çıxsın, mən danışım.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest