“Yenə ikinci yerdə olacağıq? Bu, bizim düzgün olmayan düşüncəmiz, mentalitetimizdi”. Matc.az xəbər verir ki, bunu Ukrayna millisinin qapıçısı Anatoli Trubin deyib.
23 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında DÇ-2026-nın seçmə mərhələsindəki şansları barədə danışarkən deyib. O, D qrupunda əsas rəqib qismində Fransanı görür. Maraqlıdı ki, Trubin təhlükəli rəqiblər barədə danışarkən Azərbaycan millisinin adını çəkməyib: “Fransa ilə əvvəlki oyunlarımızda qalib gəldiyimiz və ya heç-heçə etdiyimiz vaxtlar olub. Buna görə düzgün köklənmək lazımdır. İstənilən halda Fransanın səviyyəsinə bələdik. Yenə də hər şey mümkündür, sentyabra qədər vaxtımız var. İslandiya ilə də çətin oyun keçirmişik. Onlarla da işimiz asan olmayacaq”.
Qeyd edək ki, D qrupunda mübarizə sentyabrda başlayacaq. Millimiz 2-ci tur çərçivəsində sentyabrın 9-da Ukraynanı qəbul edəcək.