Mövsümü uğursuz keçirən "kimyaçılar"ın əsas heyətinin üzvlərinin böyük əksəriyyəti özünə yeni iş yeri axtarır.
"Sumqayıt"da "yarpaq tökümü" davam edir. Mövsümü uğursuz keçirən "kimyaçılar"ın əsas heyətinin üzvlərinin böyük əksəriyyəti özünə yeni iş yeri axtarır.
Matc.az xəbər verir ki, müqaviləsi bitən oyunçular klub rəhbərliyinə inamsızlığa görə "Sumqayıt"da qalmaq niyyətində deyil. Menecer-prezident Riad Rəfiyev Premyer Liqaya yenicə vəsiqə qazanan "İmişli"nin heyətini qurmaqla məşğuldur. O, cavabdeh olduğu komandanı unudaraq qazanc əldə edəcəyi bölgə təmsilçisinin problemləri ilə məşğuldur. "İmişli"yə əcnəbi məşqçi və xeyli legioner gətirmək istəyən Rəfyev qollarını çırmayıb.
"Sumqayıt"ın gedən futbolçuları açıqlamamasının səbəbi var. Belə ki, sayın çoxluğu klubda işlərin doğru getməməsinin ifşasıdır. Təsadüfi deyil, gedənlərin sayı 10-dan çoxdur. Qışda Nikola Vuynoviç, Cordan Rezabala, Fernando Medeiros, Slavişa Radoviç, Kristian Velinovski kimi əcnəbilərin yola salındığını nəzərə alsaq, hər transfer dövründə bu qədər dəyişiklik edilməsi transfer siyasətindəki yanlışlığın göstəricisidir.
Mövsüm bitən kimi legionerlərdən Georgi Karaişvili, Bobir Abdulxolikov, Tresor Mossi, Casurbek Caloliddinov, Silvanus Nimeli, Momo Yansane və Miloş Miloviç Sumqayıtla vidalaşıb, Alan Dias isə yol üstədir. Yeni müqavilə bağlamış Roy Kehat, Ronaldo Vaskes və zədəli İsa Sülimandan baqşa heç kim komandada qalmaq istəmir.
Yerli oyunçular da klub axtarışındadır. Elvin Bədəlov "Neftçi" ilə anlaşıbsa, Rövlan Muradov, Səbuhi Abdullazadə və Murad Xaçayev seçim edir. Müqaviləsi davam edən bəzi gənc oyunçular da anlaşmaya xitam vermək niyyətindədir.
Xüsuilə yerli oyunçuların gedişinin səbəbi istədikləri maaşı ala bilməməsidir. Komandaya heç bir fayda verməyən Nimeli kimi oyunçuların aylıq 12-13 min dollar alması, əsas heyət üzvlərinə isə çox kiçik məbləğlərin təklif edilməsi futbolçuların səbrini daşırıb. Düzdür, Silvanus bu məbləğin yalnız 1/3-ni qazanır, qalan məbləğ menecerlər arasında bölüşdürülür. İstənilən halda, klubun büdcəsindən çıxan pul dağıdılır, komanda daxilində narazılıq yaranır.
"Sumqayıt"ın yeni baş məşqçisinin müəyyən olunmaması da gedənlərin fikrini qətiləşdirib. Vaqif Cavadovun boş qoyduğu posta əcnəbi gətirilməsi ideyası var. Lakin klubun sponsorları daxildə baş verən proseslərdən xəbər tutub və Rəfiyevə qadağa qoyub. Menecer-prezident çıxış yolunu "Kəpəz"lə vidalaşan Azər Bağırovun təyinatında görür. Lakin mövcud oyunçu potensialı ilə Bağırov da qərar verməkdə tərəddüd edir.
(Futbolinfo.az)