Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının finalında "İnter"lə oyun (5:0) zamanı və ondan sonra klubun azarkeşlərinin davranışına görə PSJ-ni cəzalandıracaq.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Paris klubu həlledici oyun zamanı azarkeşlər tərəfindən yandırılan və ciddi tüstülənməyə səbəb olan məşəllərə görə sanksiyalara məruz qalacaq. Məşəllərin yandırılması UEFA qaydaları ilə qəti qadağandır. PSJ həm də, matç bitdikdən sonra azarkeşlərin kütləvi şəkildə futbol meydançasına çıxmasına görə cəzalandırılacaq, nəticədə futbolçular paltardəyişmə otağına getməli olublar.
Bundan başqa, oyun ərəfəsində komandaların azarkeşləri arasında toqquşma da olub. UEFA intizam məcəlləsinin qaydalarına əsasən, klublar azarkeşlərin stadionun yaxınlığında, o cümlədən oyundan əvvəl və sonra davranışlarına görə məsuliyyət daşıyırlar. Hadisələrin Çempionlar Liqasının finalının keçirildiyi arenanın yaxınlığında baş verdiyi müəyyən olunarsa, o zaman "İnter" də cəzalandırılacaq.