“Azərbaycan–Almaniya Dostluq Həftəsi” çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyevlə görüşüb.
Matc.az xəbər verir ki, görüşdə almaniyalı mütəxəssislə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, "Şamaxı" FK İB-nin İdarə Heyətinin sədri Elçin Usub və futbol veteranı Vəli Qasımov da iştirak ediblər.
Görüşdə qonaqlara Tovuz futbolu və klubumuz haqda ətraflı məlumat verilib. Tovuzda futbolun təməlinin ötən əsrin əvvəllərində məhz almanlar tərəfindən qoyulduğu vurğulanıb. Eyni zamanda “Şamaxı” FK haqda da qonaqlara geniş məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda fəxri qonağa klubumuzun forması hədiyyə olunub. Cəmiyyətin sədri Çingiz Abdullayev 1920-ci ildə Tovuzda keçirilən ilk rəsmi oyun olan “Rote Fahne” – “Tovuz” oyununda çəkilən tarixi şəkli Ehtiram Quliyevə təqdim edib.


