"Komandanın tam hazır olmaması oyun zamanı çətinlik yaratdı. Mövsümlərarsı fasilədən sonra ilk oyunlarımız idi. Uşaqlar məzuniyyətdən yeni qayıdıblar. Cəmi 10-15 gün məşq keçdik ki, bu da formamızı bərpa etmək üçün yetərli deyil".

Avqustun 26-da və 28-də Belarusla qarşılaşan və hər iki oyunda məğlub olan futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev azfutzal.az saytına müsahibə verib. Matc.az xəbər verir ki, Fərzəliyev komandanın hazırkı durumundan bəhs edib.

- Belarus yığması ilə keçirilmiş hər iki oyunu necə xarakterizə edərdiniz?

- Komandanın tam hazır olmaması oyun zamanı çətinlik yaratdı. Mövsümlərarsı fasilədən sonra ilk oyunlarımız idi. Uşaqlar məzuniyyətdən yeni qayıdıblar. Cəmi 10-15 gün məşq keçdik ki, bu da formamızı bərpa etmək üçün yetərli deyil. Ən azı bir ay intensiv məşqlər olmalıdı ki, özümüzə gələk. Bizdə də o qədər vaxt olmadı. Məqsədimiz dünya çempionatının əsas mərhələsi zamanı keçirəcəyimiz matçlarda uğur qazanmaqdı. Sentyabrda millinin daha bir toplanışı olacaq. Rusiyada daha güclü rəqiblərlə qarşılaşacağıq. Həmin turnirdən sonra komanda komplektləşəcək və rəsmi oyunlara hazır olacaq.

- Baş məşqçi oyunlardan sonra fərqli açıqlamalar verdi. İlk görüşdə intizamın və konsentrasiyanın zəif olmasından şikayətləndi, ikinci matçda isə bunun qaydasına düşdüyünü dedi. İlk oyuna niyə konsentrasiya ola bilmədiniz?

- Komanda tam komplektləşməyibsə, oyunçuların diqqəti, yanaşması fərqli olur. Bunlar bir-birinə zəncirvari bağlıdı. Əlbəttə, baş məşqçi meydandakıları kənardan daha yaxşı görür.

- Bu oyunlar hansı məqamlara xüsusi diqqət ayırmağın vacibliyini göstərdi?

- Birinci oyunda müdafiədə yersiz səhvlər etdik. Rəqibin vurduğu 5 qoldan 3-4-ü öz səhvimizdən baş verdi. Çalışdıq, mübarizə apardıq, qol epizodlarımızdan faydalanmağa çalışdıq. Sadəcə, uşaqların fiziki cəhətdən tam formada olmaması, taktiki tapşırıqları düzgün yerinə yetirə bilməməsi sözünü dedi. Mövsümün əvvəlində bu cür hallar olur. Oktyabrdakı oyunlara qədər bir aydan çox vaxtımız var.

- Maraqlıdı ki, hər iki oyunda hesabı açan tərəf komandamız olsa da, məğlubiyyətdən qaça bilmədik. İkinci oyunda xüsusilə rəqibin ikinci qolundan sonra sanki çaşqınlıq yarandı...

- Adi səhvə yol verdik və rəqib boş qapını dəqiq nişan aldı. Bu cür məqamda ruhdan düşdük, gerilədik. Rəqib isə əksinə, ruhlandı, təzyiqi artırdı.

- Sentyabrdakı turnirdə rəqiblər daha güclü komandalardı. Ona qədər toparlanmaq mümkün olacaqmı?

- Bu turnirdə bir dəfə iştirak etmişik. Bundan başqa, Rusiya, İran və Qazaxıstanla müxtəlif yarışlarda qarşılaşmışıq. Komandamız onlardan nə zəifdi, nə də geri qalır. Hazırkı məqamda biz yüz faiz hazır deyilik. Hazır olduqdan sonra həmin rəqiblərlə başabaş mübarizə aparacaq gücdə olacağıq. Sentyabrın 11-də Yüksək Liqa başlayacaq. Çempionat oyunları bizə çox kömək edəcək. Oyun təcrübəsini artıracağıq, səhvlərimizi düzəldəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest