Bu gün futzal üzrə Azərbaycan milli komandası elit-raund mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya yığması ilə qarşılaşıb.
 
Görüşü italiyalı hakimlər – Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer idarə ediblər.
 
Xorvatiya futzalçıları millimiz üçün uğursuz rəqib idisə, oyunların keçirildiyi məkan uğurlu arenaydı. Belə ki, daha öncə bu komanda ilə indiyədək 4 dəfə üz-üzə gəlmişdik. İlk 3 oyunda xorvatlar qələbə qazanmışdı – 6:3, 5:1, 3:1. Sonuncu duel isə 2015-ci ildə məhz bu arenada baş tutmuşdu. Həmin oyunun əksər hissəsində hesabda öndə olan millimiz sona yaxın üstünlüyünü əldən vermişdi və görüş heç-heçə başa çatmışdı – 4:4.
 
Təəssüf ki, millimiz bu dəfəki oyundan məğlub ayrılıb. Matçın əvvəlində və sonunda buraxılan qollar millimizin məğlubiyyətini qaçılmaz edib.
 
Onu da qeyd edək ki, ilk dəfə 2016-cı ildə iştirak etdiyimiz dünya çempionatının final mərhələsinə yol məhz Osiekdən başlamışdı. 2015-ci ilin dekabrında millimizin də yer aldğı əsas mərhələnin qrup oyunları məhz bu arenada təşkil olunmuşdu. Həmin il dekabrın 10-da keçirilmiş ilk matçda Belarus yığmasına 7:2 hesabı ilə qalib gələn komandamız ertəsi gün İsveç futzalçılarını 8:2 hesabı ilə üstələmişdi. Meydan sahibləri ilə görüş isə 4:4 hesabı ilə yekunlaşmışdı. Bununla da, qrup mərhələsini birinci pillədə baş vuran millimiz pley-offda Niderland yığması ilə qarşılaşmışdı. Səfərdə 5:1 hesablı qələbənin ardından Bakıda 4:4 hesablı heç-heçə qeydə alındı ki, bu da iki oyunun yekununda millimizin Kolumbiyada təşkil edilən DÇ-2016-ya yollanmasına imkan verdi. İlk dəfə final mərhələsinin həyəcanını yaşamasına baxmayaraq, komandamız 1/4 finala qədər yüksəldi.
 
Onu da qeyd edək ki, bu dəfə qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq komandalar isə pley-offda üz-üzə gələcəklər. Pley-off mərhələsi aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Yığmamız qrup ikincisi olarsa, D qrupunun ikincisi ilə qarşılaşacaq.

DÇ-nin elit-raund mərhələsi
 
29 yanvar
 
Xorvatiya – Azərbaycan 2:0
Qol: Luka Periç, 03:02. Franko Yelovçiç, 37:43.
Hakimlər: Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer.
Osiek şəhəri. Qradski vrt Arena.
 
Xorvatiya: 12. Zarko Luketin (q), 20. Zoran Primiç (q), 3. Yosip Jurlina, 10. Tihomir Novak, 11. Yosip Suton, 16. Luka Suton, 8. Duşko Martinaç, 15. Matey Horvat, 9. Luka Periç, 13. Kristian Postrujin, 7. Franko Yelovçiç, 5. Duje Bayruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç.
Baş məşqçi: Mato Stankoviç
 
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 1. Emin Kürdov (q), 3. Tyaqo Telles Martins “Bolinya”, 10. Oliveyra Da Nasimento “Vassura”, 5. Amir Şocaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali, 9. Rafael Vilela, 13. Kardoso Everton.
Baş məşqçi: Joze Alesio Da Silva.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest